Yeddi dəqiqədə milyonluq oğurluq - Fransanın Luvr muzeyi talandı
Parisdə yerləşən dünyaca məşhur Luvr muzeyi dəqiqələr ərzində qarət edilib.
EmpaTV xarici KİV-ə istinadla xəbər verir ki, naməlum şəxslər İmperator Napoleon və İmperatriçənin zərgərlik kolleksiyasından boyunbağı, broş və tac (tiara) daxil olmaqla 9 qiymətli əşyanı oğurlayıblar.
İstintaq orqanlarının ilkin məlumatına əsasən, dörd nəfərdən ibarət quldur dəstəsi hadisəni həyata keçirib. Onlardan ikisi işçi geyimində muzeyə daxil olub, digər ikisi isə skuterlə hadisə yerinə gəlib. Cinayətkarlar nərdivan vasitəsilə Luvrun ikinci mərtəbəsinə çıxaraq, pəncərəni sındırıb içəri daxil olublar. Daha sonra yük lifti ilə birbaşa Apollon Qalereyasına keçərək zinət əşyalarını oğurlayıblar.
Maraqlıdır ki, quldurlar Napoleonun kolleksiyasındakı ən böyük brilyant olan 140 karatlıq “Regent” daşına toxunmayıblar.
Fransa Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat cəmi 7 dəqiqə ərzində həyata keçirilib. Həmçinin cinayəti törədənlər hadisə yerindən qaçsa da, oğurlanan əşyalardan biri – imperator III Napoleonun həyat yoldaşının tacı muzeyin yaxınlığında tapılıb.
Hazırda Parisin polis qüvvələri onların axtarışını həyata keçirir.
Fransanın Mədəniyyət Nazirliyi hadisəni “çox peşəkar şəkildə planlaşdırılmış oğurluq” adlandırıb:
“Bu əməliyyat inanılmaz dərəcədə sürətli idi, cəmi dörd dəqiqə davam etdi. Görünür, muzeylər son vaxtlar yenidən hədəfə çevrilib,” – deyə nazirlik rəsmisi bildirib.
Fransanın sağçı Milli Mitinq Partiyasının lideri isə baş verənləri “Fransa üçün dözülməz rüsvayçılıq” kimi dəyərləndirib.