13 Noyabr – Beynəlxalq Gözdən Əlillər Günüdür
Valentin Qayui kor uşaqlarının təlim və tərbiyəsinə elmi cəhətdən yanaşmışdır. Onun işləyib hazırladığı “unsial” adlanan xüsusi qabarıq şriftin köməyi ilə kor uşaqlara oxu öyrətmək və onlar üçün kitablar çap etmək mümkün olmuşdur. Gözdən əlil uşaqlar həmin şriftlərlə mətn yığmaq bacarığına da yiyələniblər. Bundan başqa, Valentin Qayui gözdən əlillər üçün cihazlar, qabarıq aşkar dərsliklərin, coğrafiya xəritələri və qlobusların istehsalı üçün matrislər qurmuşdur. Gözdən əlillər üçün kitabların yaradılması ideyası da ona məxsusdur. Özünün ciddi maddi çətinlik çəkməsinə baxmayaraq, Valentin Qayui mətbəə yaradaraq qabarıq-xətti şriftlə gözdən əlillər üçün ilk kitablar çap etmişdir. 1829-cu ildə isə Paris Milli İnstitutunun şagirdi Lui Brayl kor uşaqlar üçün nöqtə-relyef şriftinin universal sistemini hazırlamış və həmin sistem bütün dünyada yayılmışdır.
Hazırda dünyada təxminən 124 milyondan çox gözdən əlil yaşayır. Azərbaycanda gözdən əlillərin ictimai birliyi 1929-cu ildən, Gözdən Əlillər Cəmiyyəti isə 2002-ci ildən fəaliyyət göstərir.[1] Noyabr ayının 13-də Azərbaycanda cəmiyyətin diqqətini görmə qabiliyyətini itirənlərə cəlb etmək üçün müxtəlif tədbirlər keçirilir. 2007-ci il dekabrın 9-da BMT-nin inkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında görmə qabiliyyətini itirənlər və zəif görənlər üçün informasiya rabitə texnologiyalarına çıxışı təmin edən razılaşma sənədi imzalanmışdır.
Hazırda Azərbaycanda 8963 nəfər 1-ci dərəcə, 4426 nəfər 2-ci və 2126 nəfər isə 3-cü dərəcə gözdən əlilliyi olan şəxslər var. Onlar digər həssas qrupdan olan şəxslər kimi, dövlətin sosial təminatı ilə əhatə olunublar.