Azərbaycan Evində şanlı Zəfərin beşilliyinə həsr olunan dərslər keçirilib

Azərbaycan Evində şanlı Zəfərin beşilliyinə həsr olunan dərslər keçirilib


Almaniyanın Berlin şəhərində yerləşən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbində 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunan dərslər keçirilib.

Xüsusi proqram əsasında keçirilən dərslər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, qəhrəman şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla yad olunması ilə başlayıb.

Məqsəd şagirdlərə 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətini dolğun şəkildə çatdırmaq, onlarda milli irsimiz, şəhid və qəhrəmanlarımız haqqında bilgiləri formalaşdırmaq olub. Şagirdlər, həmçinin öz ana dillərində vətənpərvərlik ruhunu əks etdirən mövzular ətrafında fikir mübadiləsi aparıb, öyrəndikləri bilikləri müzakirə şəklində möhkəmləndiriblər.

Qeyd edək ki, Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Evi 2022-ci ildə açılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evində həftəsonu Azərbaycan dili məktəbi və Ritm rəqs dərnəyi fəaliyyət göstərir.

Top