31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün dünya azərbaycanlıların milli birliyini, həmrəyliyini və vətənlə mənəvi bağlarını ifadə edən əlamətdar tarixdir. Bu günün əsası 1989-cu il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında Araz çayı boyunca baş verən tarixi hadisələrlə qoyulub. Həmin gün illərdir süni şəkildə ayrılmış xalqın birliyə, azadlığa və milli kimliyə çağırışı simvolik məna daşıdı.
1991-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirildi və bu tarix bütün dünya azərbaycanlıları üçün ortaq bayrama çevrildi. Bu gün müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın mədəniyyətimizi, dilimizi, tariximizi qoruyub yaşatması, milli maraqlar ətrafında birləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyin, güclü diasporun və Vətənə bağlılığın rəmzidir. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu gün öz kimliyini, kökünü və birliyini daha dərindən hiss edir.
EmpaTV kollekvi olaraq bu əlamətdar gün münasibətilə bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edirik. Həmrəyliyimiz daim möhkəm, birliyimiz sarsılmaz olsun.
