Qazaxda yanacaq daşıyan avtomobildə yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.