"Labubu" Oyuncağının Uşaqlara Psixoloji Təsiri
Son dövrlərdə valideynlərin ən çox narahatlıq ifadə etdiyi mövzulardan biri oyuncaqların uşaqların emosional vəziyyətinə təsiridir. Axır zamanlar isə qeyri-adi və bəzən narahatedici vizual xüsusiyyətləri ilə seçilən "Labubu" oyuncağı ilə bağlı sualların artdığını müşahidə edirik. Valideynlər bu oyuncağın sadəcə fərqli dizaynlı bir məhsul olub-olmadığını, yoxsa uşaqların psixoloji dünyasına təsir göstərib-göstərmədiyini anlamağa çalışırlar.
Uşaqlıq dövrü psixikanın formalaşdığı ən həssas mərhələdir. Bu mərhələdə uşaqlar gördükləri hər bir obrazı təkcə əyləncə kimi deyil, eyni zamanda emosional mesaj daşıyan bir stimul kimi qəbul edirlər. Tez-tez rast gəlinən məqamlardan biri odur ki, yaş xüsusiyyətlərinə uyğun olmayan oyuncaqlar uşaqlarda izahı çətin olan qorxu, narahatlıq və gərginlik yarada bilir. "Labubu" oyuncağının vizual quruluşu da bəzi uşaqlar üçün təhlükəsizlik hissini zəiflədən amil kimi çıxış edə bilər.
"Labubu" oyuncağının vizual xüsusiyyətləri və psixoloji qavrayış
Psixoloji nöqteyi-nəzərdən oyuncaq uşağın daxili dünyasına təsir edən simvolik bir vasitədir. "Labubu"-nun qeyri-təbii mimikası, kəskin üz cizgiləri və klassik oyuncaq anlayışından kənar görünüşü bəzi uşaqlarda qorxu reaksiyası yarada bilər. Xüsusilə məktəbəqədər yaş dövründə uşaqlar real və xəyali anlayışları tam ayırd edə bilmədikləri üçün bu cür obrazları təhlükə mənbəyi kimi qavraya bilirlər. Klinik müşahidələr göstərir ki, bu tip oyuncaqlarla təmasdan sonra bəzi uşaqlarda gecə qorxuları və yuxu pozuntuları müşahidə olunur.
"Labubu" oyuncağının psixoloji təsiri uşağın inkişaf mərhələsindən asılı olaraq dəyişir. 3–6 yaş arası uşaqlarda bu oyuncaq daha çox qorxu, ayrılma təşvişi və emosional narahatlıq yarada bilər. Bu yaş dövründə uşağın əsas ehtiyacı təhlükəsizlik və sabitlik hissidir.
7–10 yaş aralığında olan uşaqlar artıq qorxulu obrazları qismən şərh edə bilsələr də, davamlı məruz qalma qorxu faktorunun normallaşmasına səbəb ola bilər. Yeniyetməlik dövründə isə "Labubu" oyuncağı daha çox estetik və ya ironik obyekt kimi qəbul edilsə də, emosional həssaslığa dolayı təsiri mümkündür.
Mütəxəssis müşahidələrinə əsasən, "Labubu" bəzi uşaqlarda emosional gərginliyin artmasına, yuxu keyfiyyətinin pozulmasına və oyunda aqressiv ssenarilərin formalaşmasına səbəb ola bilər. Uşağın qorxu hissini sözlə ifadə edə bilmədiyi hallarda bu emosiyalar davranış pozuntuları şəklində özünü göstərə bilər. Digər tərəfdən, valideyn nəzarəti və düzgün izah olunduqda, bəzi uşaqlar üçün bu oyuncaq sadəcə fantaziya elementi olaraq qala bilər. Lakin bu, hər uşaq üçün keçərli deyil.
Psixoloqların valideynlərə tövsiyəsi odur ki, oyuncaq seçərkən yalnız trend və populyarlığa deyil, uşağın emosional reaksiyalarına diqqət yetirsinlər. Uşaq oyuncağa qarşı qorxu və narahatlıq göstərirsə, bu, ciddi siqnal kimi qiymətləndirilməlidir. Uşağın hisslərini dinləmək, onunla oyuncağın yaratdığı emosiyalar barədə açıq şəkildə danışmaq və ehtiyac olduqda daha təhlükəsiz alternativlərə yönəlmək vacibdir.
Nəticə etibarilə qeyd etmək olar ki, "Labubu" oyuncağı bəzi uşaqlar üçün sadəcə fərqli dizaynlı bir məhsul olsa da, digərləri üçün psixoloji risk daşıya bilər. Oyuncaqlar uşağın daxili dünyasının formalaşmasında mühüm rol oynayır və bu səbəbdən seçimlər məsuliyyətlə aparılmalıdır. Valideynlərin və mütəxəssislərin bu mövzuya diqqətli yanaşması uşaqların emosional sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Psixoloq Mədinə Babayeva