Övladınıza valideynlik edirsiniz, yoxsa dayəlik?

Övladınıza valideynlik edirsiniz, yoxsa dayəlik?


Bu sual ilk baxışda bir az sərt səslənə bilər. Amma müasir valideynlik anlayışına baxanda özümüzə dürüst cavab verməli olduğumuz suallardan biridir. Çünki bu gün bir çox valideyn övladının yanında fiziki olaraq var olsa da, emosional olaraq uzaq qalır. Valideynlik sadəcə yemək vermək, geyindirmək, dərsə göndərmək deyil. Bunlar dayəlik funksiyalarıdır. Valideynlik isə övladın emosional dünyasında yer almaq, onu dinləmək, hisslərini anlamaq və ona təhlükəsiz bağlanma təqdim etməkdir. Psixologiyada bu anlayış “emosional valideynlik” kimi tanınır. Araşdırmalar göstərir ki, uşağın gələcəkdəki özünə güvəni, münasibət qurma bacarığı və streslə mübarizəsi birbaşa valideynlə qurduğu emosional bağdan asılıdır. Məsələn, Bowlby-nin bağlanma nəzəriyyəsinə görə, uşaqlıqda valideynlə qurulan sağlam bağ yetkinlik dövründə psixoloji dayanıqlığın əsasını qoyur.

Bu gün valideynlər çox vaxt belə deyir: “Uşağımın hər şeyini edirəm.” Amma sual budur:

— Onu nə qədər dinləyirsiniz?

— Ağladıqda dərhal susdurursunuz, yoxsa səbəbini anlamağa çalışırsınız?

— Səhv edəndə cəzalandırırsınız, yoxsa izah edirsiniz?

Araşdırmalar sübut edir ki, valideyn tərəfindən davamlı olaraq “sus”, “keçər”, “böyütmə” kimi reaksiyalar alan uşaqlarda emosional ifadə çətinliyi və daxili gərginlik daha çox müşahidə olunur. Bu uşaqlar böyüdükdə hisslərini ifadə etməkdə çətinlik çəkir, ya həddindən artıq qapanır, ya da aqressiv olur.

Dayəlik uşağın ehtiyaclarını minimum səviyyədə qarşılayır. Valideynlik isə uşağın emosional ehtiyaclarını görmək və qəbul etməkdir. Valideyn uşağın həyatında sadəcə qaydalar qoyan yox, həm də güvənilən bir liman olmalıdır.

Unutmayaq ki, uşaqlar dediklərimizi deyil, davranışlarımızı öyrənirlər. Əgər valideyn özü emosiyalarını idarə edə bilmirsə, uşağından bunu gözləmək real deyil. Bu yazının məqsədi valideynləri günahlandırmaq deyil. Əksinə, düşünməyə dəvət etməkdir: Mən övladım üçün sadəcə baxan biriyəm, yoxsa onu anlayan, dinləyən və böyüməsinə emosional olaraq yoldaşlıq edən valideyn?

Çünki valideynlik mükəmməl olmaq deyil. Şüurlu olmaqdır.


Psixoloq Mədinə Babayeva

Top