“Beynin Kodları və Şəxsi İnkişaf” konfransı uğurla başa çatdı

“Beynin Kodları və Şəxsi İnkişaf” konfransı uğurla başa çatdı


8 fevral tarixində keçirilən “Beynin Kodları və Şəxsi İnkişaf” adlı konfrans elm, psixologiya və şəxsi inkişaf sahələrini bir araya gətirərək iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Tədbir insan davranışları, beyin fəaliyyəti və daxili inkişaf mövzularında dərin müzakirələrin aparıldığı elmi-praktik platforma kimi yadda qaldı.
Konfrans çərçivəsində müxtəlif sahələri təmsil edən mütəxəssislər tərəfindən aktual mövzular təqdim olundu və insanın psixoloji, fizioloji və mənəvi inkişafı kompleks şəkildə təhlil edildi.

Diplomatik protokol və etik davranışlar üzrə təlimçi Kövsər Orucbəyli “Daxili mədəniyyətin və davranış etikasının incəlikləri” mövzusunda çıxış edərək fərdi inkişafda etik dəyərlərin və daxili mədəniyyətin roluna toxundu.
Dr. uzman psixiatr Fuad Bəşirov “Beynin inkişaf mərhələləri: hiss etmək və yaşamaq” mövzusunda təqdimatla çıxış edərək beynin formalaşma proseslərinin insan davranışları və emosional reaksiyalarla əlaqəsini izah etdi.
Tibb üzrə fəlsəfə doktoru, dosent Vüqar Abbasov “İkinci beynimiz olan bağırsaqların sirri” mövzusunda məruzə edərək bağırsaq-beyin əlaqəsinin psixoloji və fiziki sağlamlığa təsirindən bəhs etdi.
Nevroloq Əntiqə Məmmədova “Zərərli vərdişləri necə geridə qoymaq olar” mövzusunda çıxışı ilə vərdişlərin neyroloji əsaslarını və dəyişmə mexanizmlərini praktik nümunələrlə izah etdi.
Neyropsixoloq Aytəkin Aslan “Hisslərin neyrobioloji imzası” mövzusunda təqdimatında emosiyaların beyində buraxdığı neyrobioloji izlər və onların insan davranışına təsiri barədə elmi yanaşma ortaya qoydu.Psixoloq Ülkər Məhərrəmova “Xəyanətin psixoloji kökləri” mövzusunda çıxışı ilə münasibətlərdə etimad, travma və psixoloji mexanizmləri təhlil etdi.
Fizioterapevt-kayropraktik Vüqar Aslanlı isə “Onurğa sağlamlığının ruh halımıza təsiri” mövzusunda danışaraq bədən sağlamlığı ilə psixoloji vəziyyət arasındakı əlaqələrə diqqət çəkdi.
Konfransın proqramına xüsusi rəng qatan Naid Şadxan və Seyidəzim Seyidov tədbir çərçivəsində təqdim etdikləri musiqili çıxışlarla iştirakçılara estetik və emosional anlar yaşatdılar.
Konfrans iştirakçılara özünü tanıma və fərdi inkişaf üçün yeni baxış bucağı qazandırdı. Tədbirin sonunda iştirakçılara rəsmi sertifikatlar təqdim olundu, spikerlərlə birbaşa ünsiyyət və fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, tədbirin təşkil olunmasına Empa TV, Yaddaş Academy, Kazımlı Events, Lafromed Klinika, Smart Hotels, Safran Hotel və Moral Akademi tərəfdaşlıq edib.“Beynin Kodları və Şəxsi İnkişaf” konfransı elmi əsaslara söykənən şəxsi inkişaf mövzularına maraq göstərən hər kəs üçün yadda qalan və maarifləndirici tədbir kimi dəyərləndirildi.
Top