Qərb bölgəsində qarlı hava: Daşkəsən-Gəncə yolunda hərəkət təmin olunur
Qərb bölgəsində qarlı hava şəraiti müşahidə edilir. Kiçik Qafqazın şimal-şərqində, dəniz səviyyəsindən 1600–1800 metr yüksəklikdə yerləşən Daşkəsən rayonunun mərkəzinə yağan qarın qalınlığı 10-15 santimetr, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı, Dəstəfur və digər dağ kəndlərində isə 20-25 santimetrə çatır.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, şəhərdaxili yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün mütəmadi təmizlik işləri aparılır. Sürüşkənlik ehtimalı olan ərazilərə qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmayıb. Qarın yağması rayonun ümumtəhsil məktəblərində şagirdlərin dərslərə davamiyyətinə də təsir göstərməyib.