14 Fevral - Hərbi Hava Qüvvələri Günü

14 Fevral - Hərbi Hava Qüvvələri Günü


Azərbaycan Hərbi Hava Qüvvələri Günü hər il 14 fevral tarixində qeyd olunur və bu gün ölkəmizin Hərbi Hava Qüvvələrinin yaranmasını, eləcə də onların dövlətin hava məkanını qorumaqda göstərdiyi mühüm xidmətləri simvolizə edir. Hərbi Hava Qüvvələri müasir dövrdə yalnız müdafiə gücünün bir hissəsi deyil, həm də dövlətin strateji təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayan əsas dayaqlardan biridir. Ölkəmizdə bu gün, eyni zamanda, peşəkar hərbçilərin əməyinə dəyər verilməsi və onların xidmətlərinin tanınması üçün bir fürsət təşkil edir, gənc nəsildə isə vətənpərvərlik və hərbi xidmətə maraq hissinin gücləndirilməsinə xidmət edir. Tarixi baxımdan, Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafı, son dövrlərdə əldə etdiyi müasir texnologiyalar və döyüş təcrübəsi ölkəmizin müdafiə qabiliyyətini daha da möhkəmləndirib. Bu baxımdan, 14 fevral həm milli hərbi qüvvələrin gücünü vurğulayan bir gündür, həm də vətənə xidmət edən hər bir hərbçi üçün xüsusi mənəvi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı empatv.az-a hərbi ekspert Ədalət Verdiyev açıqlama verib: "Hərbi Hava Qüvvələrimiz dövlətimizin hava sərhədlərini qoruyan və mümkün təhdidlərə qarşı digər qoşun növləri ilə birgə döyüş tapşırıqlarını yerinə yetirən ən mühüm strukturlardan biridir. Təhlükəsizliyimizin təmin olunmasında həm pilotlu, həm də pilotsuz aviasiyanın rolu danılmazdır. Vətən müharibəsi zamanı Azərbaycanın Hərbi Hava Qüvvələrinin şəxsi heyəti düşmənin xüsusi əhəmiyyət daşıyan hərbi obyektlərinin məhv edilməsində müstəsna xidmətlər göstərib. Dəqiq planlaşdırılmış əməliyyatlar nəticəsində düşmənin milyardlarla dollar dəyərində zirehli texnikası və hərbi infrastrukturu sıradan çıxarılıb".
"Bu gün Hərbi Hava Qüvvələrində yeni strukturlar yaradılır, pilotlu və pilotsuz aviasiyanın imkanları daha da genişləndirilir. Bu məqsədlə Pakistandan müasir JF-17C qırıcı təyyarələri əldə olunub. Digər hərbi vasitələr yenilənib, pilotsuz uçuş aparatları (PUA) parkımız isə həm tərkib, həm də imkan baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Qarabağ Zəfərinin beşinci ildönümünə həsr olunan hərbi paradda ilk dəfə olaraq müasir qoşun növü sayılan insansız sistemlər qoşunlarının heyətinin iştirakını müşahidə etdik. Bu, ordumuzun texnoloji inkişafının və gələcəyə yönəlmiş strategiyasının bariz nümunəsidir. Hərbi Hava Qüvvələri bundan sonra da ordumuzun müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə mühüm töhfələr verməyə davam edəcək. Doktrinaya və milli təhlükəsizlik konsepsiyasına uyğun olaraq qarşıda duran vəzifələrin icrası üçün zəruri olan bütün texniki silah, vasitə və avadanlıqlarla təchizat məsələsi daim prioritet olaraq qalacaq".

Jurnalist Xumar Emilqızı
Top