14 Fevral - Azərbaycan Televiziyasının Yaranma Günü

14 Fevral - Azərbaycan Televiziyasının Yaranma Günü


14 fevral Azərbaycan mediası üçün xüsusi əhəmiyyət daşıyan tarixdir. 1956-cı ilin 14 fevralında Azərbaycan Televiziyası - bu gün AzTV kimi tanınan ölkənin ilk televiziya kanalı rəsmi olaraq efirə başladı. Həmin gün Bakı Televiziya Studiyasının ilk yayımı həyata keçirildi və bununla da ölkədə televiziya dövrü başlandı. İlk efir yayımı canlı şəkildə təqdim olunmuşdu. O dövrdə texniki imkanlar məhdud olsa da, televiziya qısa müddətdə cəmiyyətin informasiya mənbəyinə çevrildi. İlk illərdə proqramlar əsasən mədəniyyət, teatr, ədəbiyyat və ictimai-siyasi mövzuları əhatə edirdi.

1960-70-ci illərdə Azərbaycan Televiziyası texniki və məzmun baxımından inkişaf mərhələsinə qədəm qoydu. Rəngli yayım sisteminə keçid isə 1973-cü ildə baş verdi. Bu, televiziya tarixində mühüm dönüş nöqtəsi sayılır. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra AzTV dövlət televiziya kanalı kimi fəaliyyətini davam etdirdi. Yeni dövrdə informasiya siyasəti, xəbər buraxılışları və ictimai-siyasi proqramlar daha geniş məzmun aldı. Bu gün Azərbaycan Televiziyası ölkənin ən qədim və rəsmi yayım orqanı olaraq fəaliyyət göstərir. 14 fevral təkcə AzTV-nin yaranma günü deyil, həm də ölkədə televiziya işçilərinin - jurnalistlərin, operatorların, rejissorların, aparıcıların və texniki heyətin peşə bayramı kimi qeyd olunur.

Televiziya yalnız informasiya vasitəsi deyil, həm də cəmiyyətin güzgüsüdür. O, tarixi hadisələri sənədləşdirir, milli-mədəni dəyərləri qoruyur və ictimai rəyin formalaşmasında mühüm rol oynayır. 14 fevral bu sahədə çalışan insanların zəhmətini qiymətləndirmək və Azərbaycan televiziyasının keçdiyi inkişaf yolunu xatırlamaq üçün əlamətdar gündür.

Mövzu ilə bağlı  BDU-nun Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Nəmənd Rüstəmov EmpaTV.az-a açıqlamasında bildirib ki: "14 fevral Azərbaycanda təkcə Sevgililər Günü deyil, həm də Televiziya Günüdür. Şəxsən istərdim ki, bu tarix daha çox televiziya günü kimi yadda qalsın. Çünki 1956-cı ildə məhz bu gün Azərbaycan Televiziyası fəaliyyətə başlayıb və ölkəmizin mədəni, ictimai və informasiya inkişafında yeni mərhələnin əsasını qoyub".

"Televiziya yalnız xəbər vasitəsi deyil. O, kommunikasiya platformasıdır, maarifləndirmə alətidir, eyni zamanda güclü əyləncə mənbəyidir. Sovet İttifaqı dövründə yaranmasına baxmayaraq, televiziya qısa müddətdə insanların həyatına "çağırılmamış qonaq" kimi daxil oldu və gündəlik həyatın ayrılmaz hissəsinə çevrildi. Doğrudur, Sovet dövründə televiziya əsasən ideoloji və təbliğat aləti kimi fəaliyyət göstərirdi. Senzura və nəzarət mövcud idi. Lakin bütün məhdudiyyətlərə baxmayaraq, televiziya insanların informasiya alma formasını dəyişdi. Əvvəllər məlumat əsasən qəzetlər vasitəsilə əldə edilirdisə, televiziya həm səsi, həm təsviri, həm də canlı yayımı bir araya gətirdi".

Həmçinin Nəmənd Rüstəmov qeyd edib ki, elmi-nəzəri ədəbiyyata görə, Azərbaycan televiziyasının inkişafı bir neçə mərhələyə bölünür: Birinci mərhələ 1956-1970ci il  - yaranma və təşəkkül dövrü. Texniki imkanlar məhdud idi, yayımlar əsasən canlı idi, video yazı imkanları yox idi.
İkinci mərhələ 1970-ci illər - 1973-cü ildə rəngli yayıma keçid. Texniki və estetik keyfiyyət artdı, proqramların forması dəyişdi. Üçüncü mərhələ 1991-dən sonra- müstəqillik dövrü. Özəl televiziyalar yarandı, ANS, ABA TV, Sara TV və.s proqram müxtəlifliyi artdı, canlı yayım imkanları genişləndi, rəqabət mühiti formalaşdı. Son mərhələ isə XXI əsr - rəqəmsal yayıma keçid, internet televiziyaları və sosial platformaların güclənməsi.

Şəxsi baxış olaraq hesab edirəm ki, ən rəngarəng və dinamik mərhələ müstəqillikdən sonrakı dövrdür. Çünki həm texniki imkanlar genişləndi, həm proqram çeşidi artdı, həm də ideoloji basqı qismən azaldı".

"Klassik televiziya məktəbi öz estetikası və dili ilə seçilirdi. Aparıcıların nitqi ədəbi dil normalarına uyğun idi, verilişlər daha rəsmi və intizamlı formatda hazırlanırdı. Texniki imkanlar məhdud olsa da, peşəkarlıq yüksək idi. Bu məktəb Azərbaycan ədəbi dilinin formalaşmasında və milli zövqün inkişafında mühüm rol oynadı. Bu gün belə həmin dövrün arxiv materialları nostalji hissi yaradır və maraqla qarşılanır. Çünki məzmun keyfiyyəti və estetik yanaşma güclü idi".

"Bu gün televiziya artıq tək deyil. İnternet, YouTube, Instagram, TikTok kimi platformalar audiovizual məzmun istehsalında ciddi rəqibə çevrilib. Artıq bir smartfon və internet bağlantısı olan hər kəs kontent yarada bilir.Statistik olaraq televiziya auditoriyasının yaşı daha çox 35+ kateqoriyasında cəmləşir. Gənclər isə rəqəmsal platformalara üstünlük verir. Bu isə televiziya üçün transformasiya zərurəti yaradır. Lakin media tarixində bir fakt dəyişməzdir: yeni texnologiya əvvəlkini tamamilə məhv etmir, onu transformasiya edir. Necə ki, radio qəzetləri, televiziya radionu sıradan çıxarmadı, internet də televiziya ilə yanaşı mövcud olacaq. Gələcək adaptasiyadadır. Ənənəvi televiziya rəqəmsal platformalarla inteqrasiya etməli, məzmun istehsalını yeni formatlara uyğunlaşdırmalıdır".

Nəmənd Rüstəmov bildirib ki, mən 1996-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşam və televiziya ixtisaslaşmasını seçmişəm: "Təcrübələrimi AzTV və ABA TV-də keçmişəm. Televiziya mənim üçün təkcə peşə deyil, həm də bir sevgidir. O, mənə yeni münasibətlər, yeni dostluqlar və peşəkar inkişaf imkanı qazandırıb.
Bu səbəbdən 14 fevral mənim üçün xüsusi gündür. Çünki televiziya sadəcə texniki alət deyil -o, mədəni platformadır, tarixdir və eyni zamanda gələcəyə açılan pəncərədir".

Bu günlə bağlı video redaktor Orxan Eyvazlıda EmpaTv.az -a danışdı: 14 fevral mənim üçün milli informasiya formalaşmasının başlanğıc nöqtəsidir: "1956-cı ildə sadəcə bir media qurumunun yaranması deyil, həm də cəmiyyətin maariflənməsi, mədəni dəyərlərin təbliği və milli kimliyin qorunması baxımından simvolik əhəmiyyət daşıyır. Fikrimcə  Azərbaycan televiziyasının ən güclü dövrlərindən biri 1970- 80-ci illər olub. Həmin dövrdə televiziya həm texniki, həm də yaradıcılıq baxımından ciddi inkişaf mərhələsi keçirdi. Nəticədə tamaşalar, bədii yaradıcılıq və sənədli filmlər yüksək keyfiyyəti ilə seçilirdi. Bunun əsas səbəbləri isə kadr hazırlığına verilən önəm, redaksiya məsuliyyəti idi...

Klassik televiziya məktəbi ilk növbədə nitq mədəniyyəti, etik davranış, informasiya dəqiqliyi və estetik təqdimat prinsiplərinə əsaslanırdı. Aparıcılar və jurnalistlər ciddi hazırlıq mərhələsindən keçirdilər. Ümumiyyətlə efirə çıxan hər söz ölçülüb-biçilirdi. Televiziya bir növ məktəb idi - həm tamaşaçı üçün, həm də efirə çıxan şəxs üçün... Hazırda televiziya yeni mərhələyə keçid dövrünü yaşayır.Rəqəmsal media və sosial platformalar informasiyanı daha sürətli şəkildə təqdim edir. Lakin televiziya hələ də geniş auditoriyaya təsir etmək gücünə malikdir. Rəsmi və xüsusi informasiyalar , canlı efirlər olaraq bütün televiziya verilişləri, 1 mənalı  olaraq sosial mediadan öndədir. Televiziya mövcudluğunu davam etdirmək üçün rəqəmsallaşmanı daha dərindən inteqrasiya etməlidir deyə düşünürəm".


Jurnalist Xumar Emilqızı
Top