Jurnalistin trendi olmaz. Jurnalistin məsuliyyəti olar.

Jurnalistin trendi olmaz. Jurnalistin məsuliyyəti olar.


“Əkinçi” yolunu unudan jurnalistlər!
Bu yazı sadəcə kənardan müşahidə deyil. Bu yazı narahatlıqdır. Çünki bu gün jurnalist adı ilə təqdim olunanların böyük bir qismi peşənin mahiyyətini yox, yalnız formasını yaşadır.
Problem texnologiyada deyil. Problem platformada deyil. Problem auditoriyada da deyil.
Problem jurnalistikanın ruhunu itirməsindədir.

Azərbaycan jurnalistikası reytinq üzərində qurulmayıb. Şou ilə doğulmayıb. Onun başlanğıcı maarifçilik idi. Bu yol "Əkinçi" ilə başladı. Bu yolun memarı isə Həsən bəy Zərdabi oldu.

Zərdabi üçün jurnalist olmaq, xalqın qarşısında məsuliyyət daşımaq idi, sözlə oyatmaq idi, susqunluğu pozmaq, amma bunu vicdanla etmək idi. Onun üçün jurnalistika özünü göstərmək yox, cəmiyyəti düşündürmək idi.
Bu gün nəyi jurnalistika adlandırırıq?
Bu gün jurnalistika səsdir, amma söz deyil. Danışmaqdır, amma demək deyil.
Studiyalarda qışqırıq var, amma dərinlik yoxdur.
Sosial mediada paylaşımlar var, amma mövqe yoxdur. Jurnalist danışır, amma fikri yarımçıqdır.
Yazır, amma məsuliyyəti daşımır.
Bu artıq maarifçilik deyil. Bu, informasiya istehsalı da deyil. Bu, sadəcə tamaşadır.
Bir çoxları üçün jurnalistika- tanınmaq vasitəsinə çevrildi, kamera qarşısında görünmək məqsədi oldu, söz yox, reaksiya toplamaq yarışına döndü.
Fakt arxa plana keçdi. Etika ikinci plana düşdü. Əsas olan “trend” oldu. Və peşə şouya çevrildi..
Jurnalistin trendi olmaz.
Jurnalistin məsuliyyəti olar.

Etikasız jurnalist şəxsi həyatını reytinqə qurban verir, dilini aqressiya alətinə çevirir, həqiqəti yox, sensasiyanı önə çıxarır.
Bir zamanlar “dördüncü hakimiyyət” anlayışı cəmiyyəti qoruyurdu. Bu gün isə bəziləri onu təzyiq və manipulyasiya vasitəsinə çevirib.

Bu yol Zərdabi yolu deyil.
Bu yol “Əkinçi” yolu deyil.
Söz var, amma ruh yoxdur!

Bu yazım gənclər üçündür, Əgər jurnalistikaya yeni başlamısansa, baxdığın nümunələri seç.
Özünə bu sualı ver:
“Mən Zərdabi yolunun davamçısıyam, yoxsa onu unudan nəsilin bir parçası?”
Çünki jurnalistika yalnız mikrofon tutmaq deyil, kamera qarşısında görünmək deyil, sosial şəbəkədə tanınmaq deyil.
Jurnalist cəmiyyətin vicdanına çevrilməkdir.

Xilas yolu - əvvəlcə onu yüngülləşdirməkdən vaz keçməliyik. Sözə yenidən hörmət qaytarmalıyıq. Etikanı formal qayda yox, daxili məsuliyyət kimi qəbul etməliyik.
Zərdabi yolu asan yol deyildi, O yol səs-küylü deyildi, o yol ağır idi, amma şərəfli idi.
Bu yazı bir xatırlatma olsun.
Jurnalist hər zaman lazımlıdır. Amma yalnız bir şərtlə:
Əgər o, sözün ruhunu qoruyursa.
Əks halda jurnalistika…

Yazdı: Sevinc Rəcəbova
Jurnalist-aparıcı
Top