Qardabanidə Xocalı soyqırımı qurbanları anılıb
Gürcüstanda fəaliyyət göstərən Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
EmpaTV Azertac-a istinadən xəbər verir ki, tədbir faciə qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Mərkəzin direktoru Çiçək Hüseynova çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixində ən ağrılı və unudulmaz faciələrdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Bu cür anım tədbirlərinin keçirilməsi gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli yaddaşın qorunması və tarixi həqiqətlərin unudulmaması baxımından böyük əhəmiyyət daşıyır.
Tarixçi Əvəzxan İsayev Xocalı hadisələrinin mahiyyəti və nəticələri haqqında iştirakçılara geniş məlumat verib. Müəllimlər Növrəstə Məhərrəmova, Nəsib Nəsibov, yazar Mustafa Sədi oğlu faciə qurbanlarının xatirəsinin daim yaşadılmasının önəmini qeyd ediblər.
Tədbirdə mərkəzin Azərbaycan dili müəllimi Sevda Şahverdiyevanın rəhbərliyi ilə hazırlanmış kompozisiya təqdim olunub. “Xocalı nişanəsi” adlı qısametrajlı film nümayiş etdirilib, mərkəzin şagirdləri şeirlər söyləyib, səhnəciklər göstəriblər.



