OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!

OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!


Bu gün Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsidir. Xalqımızın min illərdən süzülüb gələn inanc və ənənələrinin yaşadıldığı, ocaqların alovlandığı, ürəklərin isindiyi gündür. Od çərşənbəsi Novruz bayramına aparan dörd ilaxır çərşənbədən biridir və od ünsürünü – təmizlənməni, yenilənməni, işığı simvolizə edir.

Qədim inanclara görə, od insanı pis niyyətdən, ağırlıqdan, xəstəlikdən təmizləyir. El arasında tonqal qalayıb üzərindən tullanmaq, “Ağırlığım-uğurluğum odda yansın” demək bu inancın təzahürüdür. Hər bir evdə ocaq qalamaq, şam yandırmaq, süfrə açmaq Od çərşənbəsinin əsas adətlərindəndir. Alovun ətrafında toplaşan insanlar həm birlik, həm də ümid mesajı verirlər – çünki od həm istilik, həm də həyat deməkdir.

Od çərşənbəsi eyni zamanda ocağa, ailə dəyərlərinə və kökə bağlılığın rəmzidir. Ocaq sönməsin deyə dualar edilir, ev-eşik abadlaşdırılır, insanlar könül qırğınlarını unutmağa çalışır. Bu ənənələr bizi keçmişimizə bağlayır, milli kimliyimizi yaşadır və gələcəyə ümidlə baxmağa çağırır.

EmpaTV komandası bu əziz gündə hər bir ocağa istilik, hər bir ürəyə işıq arzulayır. Od çərşənbəniz mübarək olsun! Novruzun nəfəsi evlərinizə ruzi-bərəkət, sağlamlıq və sevinc gətirsin! 

Top