“BLOGER DÖVRÜ, YOXSA?”

“BLOGER DÖVRÜ, YOXSA?”


“Siz heç Bakıda belə bir psixoloqun olduğunu bilirdinizmi?”

Bir məqam var ki, artıq sual verməmək mümkün deyil:
Psixoloq, həkim niyə özünü blogerlə təqdim etməyə bu qədər meyillidir?
Bu, cəmiyyətin tələbi deyil. İnsanların marağı da burada deyil. Amma nədənsə peşə sahibləri öz dəyərlərini kənar bir səsin təsdiqi ilə möhkəmlətməyə çalışır.
Elə bil, artıq sual - “Bu adam işini yaxşı görürmü?”- bu deyil:
Sual budur:
“Bu adamı kim paylaşıb?”
Axı söhbət köynəkdən, kosmetikadan, kafe menyusundan getmir. Söhbət insan sağlamlığından, psixologiyasından, ağrısından gedir. Doğrudanmı bir insan psixoloq seçəndə deyir:
– “Bu yaxşıdır, çünki filan bloger getmişdi”?

Bu gün bizneslər qurulur, ofislər açılır, sonra da növbəti mərhələ başlayır:
“Bir bloger tapın, gəlsin reklam eləsin.”
Pul verilir, story çəkilir, klassik cümlələr səslənir:
“Çox səmimi insandır”,
“Enerjisi çox xoşuma gəldi”,
“Mütləq tövsiyə edirəm”.
Az qala desinlər ki, “siz heç Bakıda belə bir psixoloqun olduğunu bilirdinizmi?” ))

Vəssalam. Plan bitdi. Guya indi müştəri axını olacaq.

Amma həqiqətən olurmu?
Doğrudanmı insanlar hələ də düşünür ki, blogerin storisində görüb psixoloqa gedəcək? Yəni kimsə gecə öz problemi ilə tək qalıb deyir:
“Bu gün o bloger paylaşmışdı, sabah yazım”?

Reallıq bir az başqadır. İnsan psixoloq axtaranda özünə sual verir:
– Bu adamı anlayacaqmı?
– Mənə kömək edə biləcəkmi?
– Ona güvənə biləcəyəmmi?
Bu sualların heç birinin cavabı filtrli story-də yoxdur.

Əgər sən öz işində peşəkarsansa, özgüvənin varsa, bilik və nəticən varsa — səni yenə tapacaqlar. Biri tövsiyə edəcək, biri sənin yazını oxuyacaq, biri sənin yanaşmanı hiss edəcək. Bu, yavaş gedən, amma real prosesdir.

Əgər bunlar yoxdursa, onda istər bloger paylaşsın, istər jurnalist, istərsə də kosmonavt — gələn olmayacaq. Gələn olsa da, qalmayacaq. Çünki reklam insanı gətirə bilər, amma saxlaya bilməz.
Ən qəribəsi isə budur: insanlara özgüvən aşılayan, “özünə inan” deyən mütəxəssislər öz reklamlarında başqasının təsdiqinə ehtiyac duyur. Bu, az qala belə səslənir:
“Mən yaxşıyam… amma bunu sən de, daha inandırıcı olsun.”
Halbuki həqiqət sadədir və çox da dəyişməyib. İnsan hələ də insana baxır. Danışığına, yanaşmasına, düşüncəsinə. Blogerin storisinə yox.
Biz nə qədər inkişaf etmişik desək də, hələ də bir şeyi qarışdırırıq:
görünmək başqa şeydir, dəyər yaratmaq başqa.
Və hər görünən müştəriyə çevrilmir.
Amma yenə də israr edirik.
Çünki bloger əsridir.
Və bəziləri hələ də elə bilir ki, etibar satılan paketdir.
Halbuki deyil.

Yazdı: Sevinc Rəcəbova
Jurnalist-aparıcı
Top