Tarix göstərib ki, Azərbaycana qarşı edilən hücumlar heç vaxt müsbət nəticə verməyib:- Qorxuya və Haqqa Qarşı

Tarix göstərib ki, Azərbaycana qarşı edilən hücumlar heç vaxt müsbət nəticə verməyib:- Qorxuya və Haqqa Qarşı


Son günlər Naxçıvan istiqamətinə İran ərazisindən endirilən dron hücumları bütün regionda ciddi narahatlıq yaratmışdır. Bu hücumların mülki obyektləri, hava limanları və məktəb yaxınlıqlarını hədəf alması insanlıq və beynəlxalq hüququn prinsiplərinə açıq şəkildə ziddir. Mülki infrastruktura qarşı yönəlmiş hər bir addım müharibə deyil, acizlik, qorxaqlıq və mənəvi zəifliyin göstəricisidir.

Özünü “İslam hamisi” kimi təqdim edən Tehran rejimi, uzun illər boyunca Ermənistanın hərbi və iqtisadi mənafelərinə xidmət etmişdir. Tarixi hadisələr göstərir ki, Şuşada və Ağdamda müqəddəs yerlərimiz dağıdılarkən, bu rejim erməni qəsbkarlarına açıq dəstək verib. Bu gün Naxçıvana yönəlmiş hücum isə həmin düşmənçiliyin davamıdır: qonşuluq maskası arxasında gizlənmiş xain bir siyasət açıq terror və alçaqlıq aktına çevrilib.

Azərbaycan dövləti hər zaman qonşuluq və humanist prinsiplərə sadiq qalıb. Ölkəmiz ərazisinin başqa ölkələrə qarşı istifadə olunmayacağını dəfələrlə bəyan edib. Prezident İlham Əliyev İranın Ali Liderinin ölümü zamanı yüksək dövlət etikasını nümayiş etdirərək başsağlığı verib və səfirliyi ziyarət edib. Lakin dron hücumları göstərir ki, Tehran yalnız güc və təzyiq dilindən anlayır.

Bu hadisələr uzun müddətdir İranda yaşayan azərbaycanlıların hüquqlarının məhdudlaşdırılması və milli fəalların təqib edilməsi ilə birlikdə qiymətləndiriləndə, regionda vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. Urmu gölünün qurudulması, milli təhsil və mədəni hüquqların məhdudlaşdırılması, həmçinin fəalların həbs olunması, bu hücumların yalnız coğrafi sərhədlərlə məhdudlaşmadığını göstərir: bu, həm də insanlıq və hüquq baxımından ciddi problem yaratmışdır. Güclü zəlzələ nəticəsində İranda yaşayan soydlarımıza qarşı rejimin rəftarını da unutmuş deyilik.

Azərbaycan isə öz ərazisini və vətəndaşlarını qorumaq hüququna malikdir. Tarix göstərir ki, ölkəmizə qarşı edilən hücumlar heç vaxt müsbət nəticə verməyib və bu dəfə də istisna olmayacaq. Dron hücumlarına qarşı Azərbaycan lazımi cavab tədbirlərini görmək gücünə və iradəsinə malikdir.
Əgər bu hücumlar həqiqətən İran tərəfinin ərazisindən həyata keçirilibsə, məsələni aydınlaşdırmaq və baş verən hadisəyə görə məsuliyyət daşıyanları müəyyən etmək İranın öhdəliyidir. Regionda onsuz da kifayət qədər gərgin vəziyyət mövcuddur və belə hərəkətlər vəziyyəti daha da ağırlaşdıra bilər.

Tarix göstərib ki, Azərbaycana qarşı edilən hücumlar heç vaxt müsbət nəticə verməyib. Bu hücumlar da istisna olmayacaq və belə qorxaq addımlar regionda yalnız təlaş və gərginliyi artırır.

Azərbaycan öz mövqeyində sadiq qalaraq qonşuluq, humanist və beynəlxalq hüquq prinsiplərini qorumaqda davam edəcək. Lakin hər bir xain və düşmən addımı qarşısında ölkəmiz gücünü nümayiş etdirməkdən çəkinməyəcək və dinc sakinlərin təhlükəsizliyini hər şeydən üstün tutacaq.
Top