Qadın Müzakirə Obyekti Deyil

Qadın Müzakirə Obyekti Deyil


Cəmiyyətdə qəribə, amma artıq adiləşmiş bir mənzərə ilə qarşılaşırıq: qadın haqqında danışmaq, onu müzakirə obyektinə çevirmək, davranışını sərt şəkildə tənqid etmək normal hal kimi qəbul olunur. Bu tənqidlərin müəllifləri yalnız kişilər deyil, bəzən elə qadınların özləri də olur. Sanki kimisə qınamaq, kimisə mühakimə etmək bizə mənəvi üstünlük qazandırır.

Halbuki heç bir insan müzakirə mövzusu olmaq üçün yaşamır. İnsan şəxsiyyətdir, subyektdir — obyekt deyil.

Azərbaycan düşüncəsində “kişi” anlayışı heç vaxt başqasını alçaltmaqla ölçülməyib. Bu anlayış mərdlik, təmkin, səbr və hörmətlə formalaşıb. Qadın haqqında danışmaq, onu zəif və ya əxlaqsız tərəf kimi təqdim etmək nə milli dəyərlərimizə, nə də ümumi insanlıq ölçülərinə sığır. Ləyaqət başqasını qınamaq yox, özünü idarə etməkdədir.


Yumor cəmiyyətin güzgüsüdür

Bu problem təkcə şəxsi münasibətlər səviyyəsində qalmır. Televiziya məkanında, səhnə layihələrində və ictimai diskusiyalarda da qadın obrazı zaman-zaman gülüş və lağ obyektinə çevrilir. Televiziyalarda yayımlanan komediya janrlı film və layihələrdə də bir çox epizodlarda qadınların həyat tərzi, davranışı və xarici görünüşü yumor predmeti kimi təqdim olunub. Tamaşaçı gülür, səhnə alqışlanır, sosial mediada paylaşımlar artır. Amma sual açıq qalır: əgər bu gülüş kiminsə ləyaqəti hesabına qazanılırsa, bu, həqiqətən də sağlam yumordurmu?

Yumor cəmiyyətin güzgüsüdür. O, düşündürə də bilər, maarifləndirə də. Lakin yumor alçaldıcı məzmuna çevriləndə artıq maarifçilik funksiyasını itirir və stereotipləri möhkəmləndirir. Qadının görünüşünü və ya davranışını ümumiləşdirərək lağ obyektinə çevirmək xüsusilə gənc nəslin düşüncəsində yanlış təsəvvür formalaşdırır: sanki qadın daim qiymətləndirilməli, ölçülməli və mühakimə olunmalıdır.


Qadın Cəmiyyətin Yarısıdır

Bəli, obyektiv olmaq lazımdır: insan səhvsiz deyil. Qadın da səhv edə bilər. Yanlış davranış varsa, göstərilməlidir. Amma səhvi göstərmək ilə alçaltmaq arasında böyük fərq var. Səhvi nümayiş etdirmək, onu şişirdərək səhnəciklərdə tamaşaya çevirmək və ya təhqir edərək sosial verilişlərdə müzakirə etmək çıxış yolu deyil. Əksinə, bu, insanı müdafiəyə çəkir və dəyişmək əvəzinə özünü qorumağa sövq edir.

Doğru yanaşma isə fərqlidir: hörmət çərçivəsində irad bildirmək, tövsiyə vermək, səmimi məsləhətlə istiqamət göstərmək. Eyni fikir sərt və ittiham dolu şəkildə deyiləndə yaralayır, sakit və qayğı ilə ifadə olunanda isə düşündürür.

Məqsəd damğalamaq yox, doğru istiqamətə yönəltmək olmalıdır.

Unutmamalıyıq ki, qadın cəmiyyətin yarısıdır və cəmiyyət öz yarısını alçaldaraq sağlam qala bilməz. Qadını müzakirə obyektinə çevirmək ümumi mədəniyyət səviyyəsinin göstəricisidir. Hörmət göstərmək isə təkcə bir fərdi deyil, bütövlükdə dəyərlər sistemini qorumaq deməkdir.

Empati qurmaq asan deyil. Ən asan yol ittiham etməkdir. Ən çətin yol isə anlamağa çalışmaqdır. İnsanın böyüklüyü başqasının səhvini ucadan deməkdə deyil, onu incitmədən düzəltməyə çalışmaqda görünür. Cəmiyyətin gücü qınağın çoxluğunda deyil, ədalət və mərhəmətin tarazlığındadır.

Qadın müzakirə obyekti deyil. O, hörmətin və ləyaqətin subyektidir.


Yazdı: Jurnalist, aparıcı Pərvanə Eyvazqızı
Top