Zamanın yaddaşı  - Seyran Səxavət

Zamanın yaddaşı - Seyran Səxavət


Azərbaycan ədəbiyyatında elə qələm sahibləri var ki, onların yaradıcılığı yalnız bir dövrün deyil, bütöv zamanın yaddaşını daşıyır. Belə yazıçılardan biri də Seyran SəxavətdirAzərbaycan nəsrində özünəməxsus üslub yaradan yazıçının 80 illik yubileyi münasibətilə onun yaradıcılığına nəzər salmaq həm ədəbi borc, həm də mənəvi ehtiyacdan doğan zərurətdir.

Seyran Səxavətin qələmi həyatın içindən gəlir. Onun əsərlərində pafosdan çox həqiqət, süni bəzəkdən çox insan taleyi görünür. Yazıçının qəhrəmanları sanki ətrafımızdakı insanlardır: bəzən tənhalıq içində düşünən, bəzən zamanın dəyişməsi ilə üz-üzə qalan, bəzən taleyin ağır sualları qarşısında dayanan, bəzən də hansındasa özümüzü tapdığımız insanlar. Məhz buna görə də onun əsərləri oxucunu yalnız hadisələrlə deyil, həm də düşüncə ilə üz-üzə qoyur.

Seyran Səxavətin yaradıcılığı illər keçsə də aktuallığını itirmir. Çünki onun əsərlərində insanın əbədi sualları var: zaman nədir, yaddaş nədir, insan öz taleyi qarşısında necə dayanmalıdır? Bu suallar hər dövr üçün aktualdır və məhz buna görə də yazıçının əsərləri oxunur, düşünülür və müzakirə olunur.

“Yüz ilin kişisi” hekayəsində müəllif zamanın dəyişməsini insan ömrünün prizmasından göstərir. Bu hekayədə təkcə bir insanın taleyi deyil, bütöv bir dövrün mənəvi mənzərəsi canlanır. Hekayənin qəhrəmanı müxtəlif dövrlərin içindən keçmiş, zamanın həm işıqlı, həm də kölgəli tərəflərini görmüş bir insandır. Yazıçı müsahibələrində qeyd edib ki, “Yüz ilin kişisi” hekayəsini babasına həsr edib. Bu gün 80 illik ömür yoluna nəzər saldıqda, Seyran Səxavətin özü də müəyyən mənada “yüz ilin kişisi” təsiri bağışlayır. O, müxtəlif ictimai və tarixi mərhələləri yaşamış, zamanın dəyişməsini yaxından görmüş, bütün bunları isə qələmin gücü ilə ədəbiyyata çevirmişdir. Yazıçı həyatın müşahidəçisi olmaqla yanaşı, həm də onun bədii salnaməçisidir.

Səksən illik ömür yolu arxada qalsa da, yazıçının yaratdığı əsərlər hələ uzun illər oxunacaq və düşünüləcək. Çünki əsl ədəbiyyat zamanla köhnəlmir — o, zamanın özünə çevrilir. Seyran Səxavətin yaradıcılığı da məhz belə ədəbiyyatdır.

80 illik ömür yolunu geridə qoyan Seyran Səxavət, yalnız sözlərlə yaşamayıb, həm də zamanın şahidi, yaddaşın daşıyıcısı olub. Onun qələmi bir ömür boyu insan talelərini, dövrün səsini və cəmiyyətin ruhunu ədəbiyyata çevirdi.

Yubileyi münasibətilə yazıçını ürəkdən təbrik edir, ruhunun daim gənc qalması və hər yeni günün ona həyatın gözəlliklərini, səmimiyyətini və ilhamını gətirməsini arzulayırıq.


Yazdı: Pərvanə Eyvazqızı
Top