“Adamayovuşmaz” Olmağın Görünməyən Tərəfi

“Adamayovuşmaz” Olmağın Görünməyən Tərəfi


Cəmiyyət arasında onlara "soyuq", "təkliyi sevən" və ya ən geniş yayılmış ifadə ilə "adamayovuşmaz" deyirlər. Ailə məclislərində küncdə tək oturan, dost qruplarında söhbətə qoşulmayan, hətta ən yaxınlarına belə divar hörən bu insanlar çox vaxt tənqid hədəfi olurlar. Amma gəlin, bir anlıq dayanaq və sual verək: Görəsən, o divarlar insanlardan qaçmaq üçünmü tikilib, yoxsa özünü qorumaq üçün?

Təklik: Həm Sığınacaq, Həm Dustaqlıq
Bu qrupdan olan insanların ən böyük paradoksu elə budur: Təklikdən bezirlər, amma tək qalmaq istəyirlər. Bu, kənardan baxan biri üçün məntiqsiz görünə bilər. Lakin daxildə baş verənlər tamamilə fərqlidir. Onlar üçün insanlarla ünsiyyət qurmaq enerjini həddindən artıq tükədən bir prosesdir. Hər sözü ölçüb-biçmək, qarşı tərəfin reaksiyasını təxmin etmək və ya sadəcə "normal" görünməyə çalışmaq onlar üçün ağır bir yükə çevrilir. Sonda isə ən təhlükəsiz yerə — öz təkliyinə qaçırlar.

Bu Soyuqluğun Kökləri Haradadır?

Heç kim bir sabah oyanıb "mən bu gündən hamıdan uzaq duracağam" demir. Bu davranışın arxasında adətən illərlə yığılmış səbəblər dayanır:
Keçmişin Yaraları: Bəlkə də, vaxtilə ən çox güvəndiyi yerdən zərbə alıb. İnsanlara yenidən qapı açmaq yenidən yaralanmaq riskini gözə almaq deməkdir.

Həddindən artıq Həssaslıq: Bəzi insanlar emosiyaları digərlərindən daha qabarıq hiss edirlər. Kütlənin səs-küyü, insanların səmimiyyətsizliyi və ya xırda bir kinayə onlar üçün dözülməz ola bilir.

Anlaşılmamaq Qorxusu: "Onsuz da məni anlamayacaqlar" düşüncəsi insanı susmağa və uzaqlaşmağa məhkum edir.

Ailə Daxilindəki "Yad" Olmaq

Ən ağrılısı isə ailə üzvlərinə qarşı olan soyuqluqdur. Bu, sevginin olmaması deyil, bəlkə də, duyğuları ifadə etmə formalarındakı fərqlilikdir. "Adamayovuşmaz" adlandırılan şəxs ailəsinin yanında olsa da, sanki görünməz bir qitədə yaşayır. Bu vəziyyət həm onu, həm də ətrafındakıları incidir. Amma unutmayaq ki, bu soyuqluq çox vaxt insanın özü ilə apardığı daxili müharibənin əks-sədasıdır.

Onlara Necə Dəstək Olmalı?

Əgər ətrafınızda belə bir insan varsa, onu "dəyişməyə" məcbur etməyin. "Niyə susursan?", "Niyə bizimlə gəlmirsən?" kimi suallar onları daha da içəri qapadır. Onlara lazım olan tək şey təhlükəsiz zonadır. Bilməlidirlər ki, tək qaldıqları üçün mühakimə olunmayacaqlar və danışmaq istədiklərində onları dinləyən biri olacaq.
Sözüm sizədir, ey öz təkliyinə sığınanlar: Sizin bu halınız bir qüsur deyil. Bəlkə də, bu, dünyanı daha dərindən, daha səssiz müşahidə etmək formanızdır. Amma unutmayın ki, hər otağın bir qapısı olmalıdır: heç olmasa özünüzün çıxa bilməyiniz üçün. Təklik gözəl bir sığınacaq ola bilər, amma oradan bəzən çölə baxmaq, günəşi görmək də vacibdir.
Siz "adamayovuşmaz" deyilsiniz, sadəcə öz dünyanızın qapısını hər kəsə açmırsınız. Və bu sizin ən təbii haqqınızdır.

Qədirli Aysu
Top