Sirrləri Açan Yol: Oxumaq və Səbir
Film, Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” əsəri və xalq nağıllarının motivləri əsasında hazırlanmışdır. Macəra janrında təqdim olunsa da, əsərin əsas ideyası bilik və oxumağın insanı inkişaf etdirməsi fikrini ön plana çəkir. Hadisələr torpaqları ələ keçirmək istəyən Simnar xana qarşı sadə, lakin cəsarətli kənd sakinlərinin mübarizəsi üzərində qurulub. Bu mübarizədə alim-həkim Eldostu, Mətanət, Elşən və Kamran baba mühüm rol oynayırlar. Eldostu müdrik və təcrübəli alim-həkim kimi təqdim olunur. O, təbiətin sirlərini dərindən bilir və biliklərini yalnız xeyirli məqsədlər üçün istifadə edir. Simnar xanın var-dövlət və vəzifə vədlərinə baxmayaraq sirri açıqlamaması onun prinsipial və ədalətli insan olduğunu göstərir. Eldostu həm də gənclərə yol göstərən obrazdır və Elşənə xilas yolunun oxumaqda olduğunu məsləhət görür. Mətanət zəhmətkeş, sədaqətli və iradəli qızdır. O, öz əməyi ilə yetişdirdiyi gülə böyük dəyər verir. Sirri bilməsinə baxmayaraq düşmənə açıqlamaması onun möhkəm xarakterini göstərir. Mətanət obrazı sədaqət və dözümlülüyü təcəssüm etdirir. Elşən cəsur və mübariz gəncdir. O, əvvəlcə gücə arxalansa da, hadisələrin gedişində anlayır ki, bilik daha böyük qüvvədir. Kitab oxuyaraq problemlərin həllini tapması onun inkişafını və düşüncə dəyişimini göstərir. Elşən gənclərin öyrənərək formalaşmasını simvolizə edir. Kamran baba ağsaqqal və müdrik obrazdır. O, hadisələri düzgün qiymətləndirir və Elşəni mübarizəyə sövq edir. Kamran baba xalqın təcrübəsini və müdrikliyini təmsil edir. Simnar xan əsərin əsas mənfi obrazıdır. O, hakimiyyət və sərvət uğrunda hər cür hiyləyə əl atır. Kəndin torpaqlarını ələ keçirmək istəyi onun acgöz və zalım xarakterini göstərir. Bu obraz ədalətsizlik və tamahkarlığın rəmzidir. Göygöz kosa Simnar xanın köməkçisi kimi hiyləgər və məkrli xarakter daşıyır. O, qiyafəsini dəyişərək Mətanəti aldadır və qaçırır. Bu obraz hiylə və aldatma yolu ilə məqsədə çatmağa çalışan qüvvələri təmsil edir.
Bir qalanın sirrində olan simvollar da çox böyük önəm daşıyır. Məsələn: İynəli almanın zərərli bir şey olduğunu bilsəydilər,ona heç əl də vurmazdılar.Ən önəmli çıxaracağımız dərs isə hər şey göründüyü kimi deyil...
Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti
Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti