Əbədiyyətə qovuşan sənət işığı - Rasim Balayev
Bu gün sanki bir səs susdu… bir baxış dondu… bir dövr sakitcə qapandı.
Babəkin qılıncını, Nəsiminin səsini, Cavidin düşüncəsini, Beyrəyin ürəyini bizə əmanət edib, Rasim Balayev getdi.
Deyirlər, aktyorlar rol oynayır. Amma Rasim Balayev oynamırdı - yaşayırdı, nəfəs alırdı o rollarla. Hər rolu ilə ekranda bir tarixi, bir millətin yaddaşını canlandırırdı.
Babək olanda azadlığın nəfəsi, Nəsimi olanda sözün və həqiqətin səsi, Cavid olanda düşünən, susaraq danışan bir ağıl, Beyrək olanda isə ürəyi ilə döyüşən bir igid idi.
Rasim müəllim deyirdi: “Mən qəhrəman deyiləm, yalnız qəhrəmanları oynamışam”. Amma elə bu sözün özündə də bir qəhrəmanlıq var idi—təvazökarlıq, dərrakə, sənətinə hörmət. O, sadəcə bir aktyor yox - xatirə idi, tarix idi, vicdan idi.
Onun səsi bir az boğuq, bir az kədərli idi. Elə bil, özü də oynadığı hər bir qəhrəmanın yükünü çiynində daşıyırdı. Onun baxışlarında həmişə bir kədər gizlənirdi – sanki hər obrazı yaşayırdı, sadəcə oynamırdı.
Ona görə də tamaşaçı onu təkcə sevmirdi… ona inanırdı.
İndi ekranlara baxanda Babəkin üzündə görüləcək, Nəsiminin sözündə duyulcaq, Cavidin sükutunda eşidiləcək, Beyrəyin qəlbində isə onun döyünən ürəyi qalacaq…
Bəzi insanlar yaşayır…
Bəziləri isə tarix olur.
Rasim Balayev – artıq tarixdir.
Allah rəhmət eləsin…
Pərvanə Eyvazqızı