Biz Bura Yemək Yeməyəmi Gəlmişik?

Biz Bura Yemək Yeməyəmi Gəlmişik?


Bu günlərdə universitet auditoriyasında qrup yoldaşımla söhbət edirdik. Ondan soruşdum: "Səncə, biz bu həyata nə üçün gəlmişik?" Aldığım cavab həm sadə, həm də sarsıdıcı idi: "Yemək yemək üçün, əylənmək üçün..."
O an daxilimdə bir boşluq hiss etdim. Mühəndislik üzrə təhsil alan tələbə kimi hər gün laboratoriyada ən kiçik bir elementin, bir molekulun belə kainatın böyük sistemindəki rolunu, vəzifəsini öyrənirik. Bir kimyəvi reaksiyanın belə bir məqsədi, bir çıxış məhsulu varkən, necə ola bilər ki, kainatın "şah əsəri" olan insanın bütün missiyası sadəcə bioloji ehtiyaclarını ödəməkdən ibarət olsun?

Həzzin Sonu və Vəzifənin Sonsuzluğu

İnsanı heyvandan fərqləndirən əsas cəhət onun "məna" axtarışıdır. Əgər biz həyatı sadəcə dadlı təamlar və keçici əyləncələr üzərində qursaq, bir müddət sonra daxili bir aclıq hiss edəcəyik. Çünki ruhun aclığı mədənin aclığına bənzəməz, onu nə qədər çox "həzz"lə qidalandırsan, bir o qədər çox boşluğa düşər.
Biz bura vəzifələrimizi yerinə yetirmək üçün gəlmişik. Allaha ibadət etmək, namaz qılmaq, oruc tutmaq – bunlar sadəcə dini ayinlər deyil, bunlar insanın öz mənşəyinə, o İlahi Nura bağlanma üsuludur. Necə ki, Ay öz işığını Günəşdən alır, biz də öz mənəvi işığımızı o Mənbədən almalıyıq. Əks halda, qaranlıqda qalar və sadəcə əyləncə dediyimiz o parıltıların ardınca qaçarkən uçuruma yuvarlanarıq.

"Ancaq Dərs Oxuyursan" Deyənlərə

Mənə tez-tez irad tuturlar: "Nə qədər olar dərs, dərs... Bir az da bikar qal, əylən!" Bilmirlər ki, bizim üçün elm öyrənmək elə ən böyük ibadətlərdən biridir. Biz o çətin formulları öyrənərkən, reaktorların sistemini qurarkən, əslində, Yaradanın bu dünyada qoyduğu qanunları ("Sünnətullah") oxuyuruq. Elm və irfan bir-birindən ayrı deyil, onlar bir quşun iki qanadı kimidir. Biri olmazsa, o biri ilə ucalmaq mümkün deyil.
Filvaqe, elm sahibi olub irfandan məhrum qalmaq quru bir kitab daşıyıcısı olmaqdır. Amma irfan sahibi olub elmdən uzaq durmaq da dünyadan qopmaqdır. Əsl hünər bu balansı qorumaqdadır.

Mükərrəm Olmaq Yolunda

Quran bizə xatırladır: "Biz Adəm övladını şərəfli (mükərrəm) etdik." Bu şərəf bizə hazır verilmir, biz onu qazanmalıyıq. Heyvani duyğuların, nəfsi istəklərin əsiri olmaq bizi o şərəfdən uzaqlaşdırır. Namaz bizi intizama salır, həcc bizə bərabərliyi öyrədir, zikr isə qəlbimizi cilalayır.
Zira, həyat sadəcə keçən günlərin cəmi deyil, qazanılan savabların və buraxılan izlərin məcmusudur. Ətrafımızdakı "dayaz" cavablara, "bikarsan" deyən mühitə baxmayaraq biz öz yolumuza – həqiqət yoluna davam etməliyik. Çünki biz bu dünyaya sadəcə qonaq gəlməmişik, biz bura bu kainatın mühəndisi tərəfindən çox mühüm bir layihə – "İnsanlıq layihəsi" üçün göndərilmişik.
Gəlin, həyatın mənasını boşqabda axtaranlardan deyil, o mənanı öz ruhunda tapanlardan olaq. Çünki hüzur əyləncədə deyil, Allaha olan bəndəlikdə və elmin nurundadır.

Aysu Qədirli
Top