Gülüşün arxasındakı həqiqət: 120 illik “Molla Nəsrəddin”
7 aprel 1906-cı ildə Tiflis şəhərində nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı, Azərbaycan mətbuat tarixində sadəcə bir jurnal deyil, bütöv bir maarifçilik hərəkatının simvoluna çevrildi. Onun yaranması Cəlil Məmmədquluzadə kimi böyük bir ziyalının adı ilə bağlıdır. Jurnalın baş redaktoru və ideya rəhbəri olan Məmmədquluzadə, cəmiyyətin problemlərini açıq, cəsarətli və satirik dillə təqdim etməyi qarşısına məqsəd qoymuşdu.
Jurnalın əsasını isə iki görkəmli şəxsiyyət – Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə qoymuşdur. Onlarla yanaşı, maarifpərvər tacir Məşədi Ələsgər Bağırzadə də jurnalın təsisçilərindən biri olmuşdur. Jurnal 25 il ərzində cəmi 748 nömrə (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) buraxılmışdır.

“Molla Nəsrəddin” ətrafında dövrün ən görkəmli ziyalıları toplaşmışdı. Onların hər biri jurnalın ruhuna özünəməxsus töhfə verirdi:
Cəlil Məmmədquluzadə – “Molla Nəsrəddin” imzası ilə çıxış edir, əsas ideoloji xətti müəyyənləşdirirdi. O, 1905-ci ilin aprelində Tiflisdə "Şərqi-Rus" qəzetində çalışarkən şeyxülislamın siyasi qərarlarına etiraz edən bir məqalə yazdığına görə həbs edilmişdir. Məhkəmə onun həbsini 6 ay təxirə saldıqda, Məmmədquluzadə məhz bu vaxt ərzində yeni jurnal yaratmaq ideyasından ilham almışdır.
Mirzə Ələkbər Sabir – məşhur “Hophop” təxəllüsü ilə yazırdı; satirik şeirləri ilə cəmiyyətin eyiblərini ifşa edirdi.
Əliqulu Qəmküsar – kəskin publisistik yazıları ilə seçilirdi.
Ömər Faiq Nemanzadə – həm publisist, həm də təşkilatçı kimi fəaliyyət göstərirdi. Cəlil Məmmədquluzadə ilə tanış olduqdan sonra jurnalın müxbiri kimi fəaliyyətə başlamış, yazılar yazmış, tərcümələr etmiş və məqalələr müəllifi kimi jurnalın inkişafında böyük rol oynamışdır. Onun əsərləri jurnalın mizahi tərəfini gücləndirmək üçün istifadə edilmiş, o, parodiyalar, dəstək məktubları vasitəsilə Cəlil Məmmədquluzadənin baxış bucağını daha da qüvvətləndirmişdir.
Əbdürrəhim bəy Haqverdiyev – müxtəlif imzalarla çıxış edərək sosial mövzulara toxunurdu.
Jurnalın ən mühüm xüsusiyyətlərindən biri də müəlliflərin tez-tez təxəllüslərdən istifadə etməsi idi. Bu həm senzura təzyiqlərindən qorunmaq, həm də satiranın təsir gücünü artırmaq məqsədi daşıyırdı. “Hophop”, “Molla Nəsrəddin”, “Lağlağı”, “Dəli”, “Cırtdan” kimi imzalar oxucular üçün artıq tanış və gözlənilən idi.

“Molla Nəsrəddin” təkcə yazıları ilə deyil, həm də karikaturaları ilə məşhur idi. Azərbaycanda ilk şəkilli jurnal məhz “Molla Nəsrəddin” olmuşdur. Jurnalın səhifələrində dərc olunan satirik rəsmlər sözlə deyilməsi çətin olan həqiqətləri daha kəskin və təsirli şəkildə çatdırırdı. Bu baxımdan jurnal Şərqdə satirik qrafikanın inkişafına da böyük təsir göstərmişdir.
Jurnalın müxtəlif dövrlərində 21-ə yaxın karikaturaçı rəssam çalışmışdır. Onların ən tanınmışları bunlardır:
Oskar Şmerlinq – “Molla Nəsrəddin”in ilk dövrlərinin əsas rəssamlarından biri. Jurnalın qrafik üslubunun formalaşmasında böyük rolu olmuşdur. O, həm də Tiflis Rəssamlıq Məktəbinin direktoru olmuş və bir çox gənc rəssamın yetişməsinə təkan vermişdir.
İozef (İosef) Rotter – digər aparıcı rəssam, Şmerlinqlə birlikdə jurnalın ilk karikaturalarını çəkmişdir.
Əzim Əzimzadə – “Molla Nəsrəddin”in baş rəssamı və Azərbaycan karikatura sənətinin banisi hesab olunur. Onun rəssamlıq fəaliyyəti məhz bu jurnalda formalaşmışdır. Əzimzadə həm də Mirzə Ələkbər Sabirin məşhur “Hophopnamə” kitabı üçün 24 illüstrasiya çəkmişdir ki, bu da Azərbaycan kitab qrafikasının parlaq nümunələrindəndir. Onu bəzən “Rəssamlığımızın Sabiri” də adlandırırlar.
Xəlil Musayev (Xəlil Musayev Çoxski) – Dağıstan əsilli rəssam. 1913-1914-cü illərdə jurnalda 20-yə yaxın karikaturası çap olunmuşdur. “Bizim əyləncəmiz”, “Molla Nəsrəddinin dostları və düşmənləri”, “Qoymaram oğlumu məktəbə aparasan” kimi tanınmış karikaturaların müəllifidir. O, əsərlərini “Xəlil Musayev”, “Xəlil”, “Dagestanets”, “Musayev Çoxski” imzaları ilə dərc etdirmişdir.
Bu rəssamların yaratdığı karikaturalar jurnalın ideoloji mübarizəsinin ayrılmaz hissəsi idi. Onlar cəhalət, dini fanatizm, sosial ədalətsizlik və dövrün digər yaralarını əyani şəkildə göz önünə sərirdi. Rəssamların tuş və qələmlə çəkdiyi bu satirik təsvirlər mətndəki fikri daha da qüvvətləndirir, savadsız oxuculara belə mesajı çatdırmağa imkan verirdi.

“Molla Nəsrəddin” jurnalı fəaliyyət göstərdiyi dövrdə bir sıra mühüm məsələləri gündəmə gətirirdi:
- Cəhalət və savadsızlıqla mübarizə
- Qadın hüquqları və azadlığı
- Din xadimlərinin fanatizminin tənqidi
- Sosial ədalətsizlik və yoxsulluq
- Təhsil və maarifçiliyin təşviqi
Jurnalın əsas məqsədi müasir dünyanın siyasi, iqtisadi, mədəni, sosial və dini problemlərinə dair müzakirələr apararaq, oxucularını düşündürmək və inkişafa təşviq etmək idi. Ən böyük məramı isə insan hüquqlarının qorunması idi. Jurnalda dövrün insan hüquqları məsələləri, din və siyasi bəhanələrlə həyata keçirilən zülm və ədalətsizliklər, sosial bərabərlik probleminin çətinlikləri, köklü islahatlar və dəyişikliklər işıqlandırılırdı.
Jurnalın əsas qələbəsi dini mövhumatın, müxtəlif qurumların özbaşına fəaliyyətlərinin, sosial bərabərsizliyin, siyasi və iqtisadi asılılığın qarşısının alınması yolunda zehni oyanışa güclü təkan verməsi oldu. Bu jurnalın məqalələri əsl xəl qılıncı kimi idi – həm çox sevimli və təbii dildə, həm də ironiya, parodiya və mizah vasitəsilə yazılırdı.

“Molla Nəsrəddin”in Azərbaycan jurnalistikasında rolu misilsizdir.
- Satirik publisistikanın əsasını qoydu
- Mətbuatda açıq sözlülüyün və tənqidi düşüncənin yolunu açdı
- Jurnalistikanı cəmiyyətin güzgüsünə çevirdi
- Yeni nəsil yazarların yetişməsinə təkan verdi
Bu jurnal sayəsində mətbuat sadəcə xəbər verən vasitə deyil, həm də cəmiyyəti dəyişdirən güc kimi qəbul olunmağa başladı. Jurnal dövrün ən aktual problemlərini, milli və sosial məsələləri təbii bir dildə qələmə alması ilə insanların sevgi və rəğbətini qazandı. Jurnalın əksər nəşrləri vaxtilə dünya mətbuatında da dərc edilmişdir.
120 illik yubileyini qeyd edən “Molla Nəsrəddin” bu gün də aktuallığını qoruyur. Onun səhifələrində qaldırılan problemlərin bir qismi hələ də müasir cəmiyyət üçün düşündürücüdür. Jurnalın satirik dili, cəsarətli mövqeyi və maarifçi ruhu Azərbaycan jurnalistikasının təməl prinsipləri kimi yaşayır.
“Molla Nəsrəddin” sadəcə bir nəşr deyil – o, gülüş vasitəsilə həqiqəti deməyi öyrədən bir məktəbdir. Bu məktəbin yetirmələri isə bu gün də sözün gücünə inanaraq cəmiyyətin inkişafına xidmət edirlər.