Davranışın elmi: Etologiya nəyi öyrənir?

Davranışın elmi: Etologiya nəyi öyrənir?


  Təbiət çox zaman sakit görünür. Meşədə küləyin yarpaqlara toxunuşu, bir quşun qəfil uçuşu, yaxud həyətimizdə yaşayan itin baxışları — bütün bunlar zahirdə sadə və adi görünə bilər. Lakin diqqətlə baxdıqda anlayırıq ki, bu sakitliyin arxasında mürəkkəb bir dil, sistemli bir davranış və görünməz qaydalar mövcuddur. Təbiət susmur — o danışır. Sadəcə, onun dili sözlərdən deyil, davranışlardan ibarətdir.

İnsan heyvan davranışını “instinct” adlandıraraq onları sadələşdirməyə meyllidir. Halbuki hər bir hərəkətin arxasında səbəblər, siqnallar və uyğunlaşma mexanizmləri dayanır. Bu davranışların məntiqini anlamaq üçün isə xüsusi bir elm sahəsi mövcuddur — Etologiya. Məhz bu sahə canlıların davranışını yalnız müşahidə etməklə kifayətlənmir, həm də onun bioloji, sosial və ekoloji əsaslarını açmağa çalışır.


  Mövzunu daha dərindən anlamaq və elmi əsaslarla izah etmək üçün Bakı Dövlət Universitetinin “Zoologiya və fiziologiya” kafedrasının dosenti Sevinc Hümbətovanın mütəxəssis yanaşmasına müraciət etdik.

  Davranış insan və heyvan həyatının əsas elementlərindən biridir. Hər bir hərəkət əslində həyatın davam etməsi üçün mühüm mexanizmdir. Lakin bu davranışlar necə formalaşır? Onları müəyyən edən nədir?

Bu sualların cavabını Sevinc Hümbətova belə izah edir;

  Etologiya -  davranışı, yəni canlının ehtiyaclarını ödəməyə yönələn istənilən hərəkət aktivliyini öyrənən elm sahəsidir. Bu fəaliyyətin kökündə davranışın bioloji, ekoloji -adaptiv, sosial əsasları durur. Yəni davranışı tədqiq edən ona irsiyyətin, sinir sisteminin və hormonların təsirini öyrənirsə - bioloji, mühitin ona təsirini öyrənirsə - ekoloji, siqnallar, taktil ünsiyyətin qrup, dəstə və sürüdə əhəmiyyətini öyrənirsə - sosial əsaslarını araşdırır.

  Etologiya — davranışı bioloji, təkamül və ekoloji aspektlərdən araşdırdığı üçün klassik psixologiya və digər davranış elmlərindən daha geniş, sistemli və təbii şəraitə əsaslanan bir sahədir.

Bu izahdan da aydın olur ki, etologiya yalnız davranışı müşahidə edən elm deyil, canlının yaşama uğrunda apardığı mübarizəni anlamağa yönələn kompleks bir yanaşmadır.


  Etologiyanın yaranması: Elm hansı ehtiyacdan doğdu?

 Hər bir elm sahəsi müəyyən bir ehtiyacdan yaranır. İnsan yalnız müşahidə etməklə kifayətlənmədikdə, izah etməyə ehtiyac duyduqda yeni elmi istiqamətlər meydana çıxır. Etologiyanın yaranması da məhz bu zərurətdən doğmuşdur.

Bu barədə mütəxəssis belə qeyd edir;

  Etologiya müstəqil elm sahəsi kimi XX əsrin birinci yarısında formalaşmışdır. Onun əsasını qoyan üç böyük alim Konrad Lorents (Avstriya), Nikolaas Tinbergen (Niderland), Karl fon Friş (Almaniya) heyvanların təbii mühitdə davranışını sistemli şəkildə öyrəndikləri və elmi metodologiya yaratdıqları üçün 1973-cü ildə Nobel mükafatı almışlar. Etologiyanın müstəqil elm kimi tanınması məhz bu tarixlə əlaqələndirilir.

Etologiya bir neçə səbəbdən yaranıb: Heyvan davranışının yalnız laboratoriya şəraitində araşdırılmasının yetərsizliyi və təkamül təlimini qəbul edənlərin sayı artdıqca “davranış da anatomik xüsusiyyətlər kimi təkamül nəticəsində formalaşır” qənaətinin yetişməsi oldu. Bu isə davranışın bioloji uyğunlaşma kimi araşdırılmasını tələb edirdi. Anadangəlmə  davranışın mexanizmi elmi şəkildə izah olunmalı idi. Ən maraqlısı isə - Etologiyanın inkişafı tədricən insan davranışının da bioloji aspektlərini öyrənməyə yol açdı.

Beləliklə, Etologiya yalnız heyvan davranışını izah etməklə kifayətlənmədi, zamanla insan davranışının anlaşılmasına da mühüm töhfələr verdi.

Davranış modelləri: Təkrarlanan sistemlər

“Davranı formaları təsadüfi deyil”- fikrinin açıqlamasına birlikdə baxaq.

Sevinc Hümbətova bildirir ki,

  Davranış modeli — müəyyən bir növün təkrarlanan, sabit və xarakterik davranış nümunəsinin elmi təsviridir. Bu model bir davranışın necə baş verdiyini, hansı mərhələlərdən ibarət olduğunu, nə ilə motivasiya edildiyini və nə üçün adaptiv əhəmiyyət daşıdığını göstərən sxematik və ya konseptual çərçivədir.

Bu yanaşma davranışın təsadüfi olmadığını, əksinə müəyyən struktur və məqsəd daşıdığını göstərir.


Gen və mühit: Davranışın iki sütunu

Davranışın formalaşmasında ən çox müzakirə olunan məsələlərdən biri genetik və mühit faktorlarının qarşılıqlı təsiridir. İnsan da, heyvan da yalnız genlərin məhsulu deyil — eyni zamanda yaşadığı ətraf mühitin  cilaladığı varlıqdır.

Bu balansı mütəxəssisimiz tərəfindən daha ətraflı izah etsək;

   Davranışın formalaşmasında genetik faktorlar və mühit faktorları daim qarşılıqlı təsirdə olur. Etologiya bu balansı “G–M qarşılıqlı əlaqəsi” və ya nature vs. nurture çərçivəsində araşdırır. Qısa və aydın şəkildə bunu belə izah etmək olar: G - Genlər heyvanın (və insanın): anadangəlmə instinktiv davranışını, temperamentini, öyrənmə potensialını, müəyyən reaksiyalara meyllərini müəyyən edir. Məsələn: arıların “rəqs dili” genetik davranış modelidir. Beləliklə deyə bilərik ki, genlər davranış üçün ümumi çərçivə yaradır. M - Mühit isə genetik potensialın hansı formada reallaşacağını təyin edir: öyrənmə, sosial təcrübə, valideyn davranışı, stres və ya rahatlıq səviyyəsi, qida, temperatur, yaşayış mühiti, digər fərdlərlə qarşılıqlı əlaqə. Mühit davranışın şiddətini, formasını və inkişaf trayektoriyasını dəyişə bilər.


Sosial davranışlar və aqressiyanın rolu

Heyvanların sosial münasibətləri də təsadüfi deyil. Əməkdaşlıq, liderlik, rəqabət və aqressiya — bunların hamısı müəyyən məqsədlərə xidmət edir.

Sevinc Hümbətova qeyd edir:

  Heyvanlar çox zaman yaxın qohumlarına yardım edirlər, çünki bu yolla öz genlərini dolayı yolla gələcəklərə ötürmüş olurlar. Bu, əməkdaşlıq davranışının ən məşhur təkamül mexanizmlərindən biridir. Aqressiya qismən hormonlar və genetik meyllərlə əlaqəlidir: testosteron, serotonin, dopamin. Bu mexanizm sosial iyerarxiyaların yaranmasına kömək edir. Məsələn, canavar sürülərində liderliyin müəyyən edilməsində aqressiv davranış mühüm rol oynayır. Aqressiya çox vaxt sosial nizam yaratmaq üçündür, mütləq zərər vurmaq məqsədi daşımır.


Bədən dili: Səssiz ünsiyyət sistemi

  Heyvanların danışmadığını düşünmək səhvdir. Onlar sadəcə fərqli dildə danışırlar — jestlərlə, hərəkətlərlə və siqnallarla.

Bu barədə mütəxəssis belə bildirir:

  Etologiyada bədən dili və qeyri-verbal davranışlar heyvanların (və geniş mənada canlıların) ünsiyyət sisteminin ən vacib hissəsi hesab olunur. Etoloqlar üçün bunlar sadəcə “jestlər” deyil, növlərin sağ qalma və çoxalma strategiyalarının bir hissəsi olan bioloji siqnal sistemləridir.

Bu fikir bir daha göstərir ki, davranış — əslində bir dil sistemidir.


Etologiya və insan psixologiyası

 Etologiyanın əhəmiyyəti yalnız heyvan davranışını izah etməklə məhdudlaşmır. O, insan davranışını və emosiyalarını anlamaq üçün də mühüm açarlar təqdim edir.

Yəni, daha ətraflı desək;

  Etologiya göstərir ki, bir çox emosional və sosial reaksiyalar təkcə mədəniyyətlə deyil, bioloji və təkamül mexanizmlərlə əlaqəlidir. Məsələn, aqressiya, qorxu reaksiyaları, sosial iyerarxiyaya uyğunlaşma və s. Bu bilik insan psixologiyasını tədqiq edənə emosiyaların mənşəyini, stres reaksiyalarını, sosial davranış nümunələrini daha dərindən anlamağa imkan verir.

Bu yanaşma ilə Sevinc Hümbətova insan davranışının köklərinin daha qədim və bioloji olduğunu bildirir.


Müasir dövrdə stress və antropogen təsirlər

  Müasir dünyada təbiətə müdaxilə getdikcə artır. Şəhərsalma, texnoloji inkişaf və insanın təbiətə təsiri yalnız insanı deyil, digər canlıları da adaptasiyaya məcbur edir.

Bu proseslər daha peşəkar tərəfdən baxdıqda:

 Heyvanlara ən çox mənfi təsir edən amil - ətraf mühitdə canlılığın cansızlıqla (məsələn, təbii ot örtüyünün süni qazonla) əvəz olunmasıdır. İnsan təbii mühiti mənimsədikcə, onu öz mənafeyi üçün istismar etdikcə təbii birliklərdə nizam pozulur və əlbəttə orda da stress faktorlar canlıları daha həssas və dözümsüz edir.

Mütəxəssisimizin cavabından da göründüyü kimi bu fikirlər insan və təbiət münasibətlərinin yenidən düşünülməsinin vacibliyini təsdiqləyir.


Təcrübədən bir hadisə: Davranışın emosional tərəfi

  Davranış yalnız mexaniki proses deyil — o, emosional reaksiyalarla da bağlıdır. Bəzən sadə bir hadisə belə davranışın mürəkkəbliyini açıq şəkildə göstərir.

Bu barədə mütəxəssis öz təcrübəsindən belə bir nümunə paylaşır:

  Bağda yaşayan itin bizim saxladığımız digər canlıya - dovşana qısqanaraq onu gecə boğub qapı ağzına atması.

Bu hadisə bir daha göstərir ki, heyvan davranışları sadəcə instinkt deyil — onların arxasında emosional və sosial mexanizmlər də mövcuddur.


Gənclərə mesaj: Özünü anlamağın yolu

  Elm yalnız müşahidə etmək deyil — həm də özünü tanımaqdır. Canlıların davranışını öyrənmək əslində insanın özünü anlamasına da kömək edir.

Bu mövzuda Sevinc Hümbətova gənclərə belə müraciət edir:

  Filosoflar deyir ki, biz kimi və nə üçün öyrənsək də, nəticədə özümüzü öyrənirik. Canlıların davranış elementlərini başa düşməyə dəyər, çünki o ən etibarlı irsdir.

  Son olaraq qeyd etmək istəyirəm ki, təbiət səssiz deyil — o, sadəcə başqa dildə danışır. Bu dili anlamaq isə yalnız elmi bilik deyil, həm də diqqət, müşahidə və məsuliyyət tələb edir. Etologiya bizə göstərir ki, hər bir davranışın arxasında məna var və bu məna həyatın davamı üçün vacibdir.

Bəlkə də təbiəti qorumağın ilk addımı onu eşitməkdir. Onu eşitmək üçün isə əvvəlcə onun dilini — davranışın dilini — öyrənmək lazımdır.


Hazırladı: Sevinc Sərdarlı.

Top