ŞƏRİKLİ ÇÖRƏK
Bəzi filmlər var ki,uşaqlıqdan bəri bizlərin yaddaşında və ruhunda dərin izlər buraxıb. Bunlardan biri də 1969-cu ildə ekranlaşdırılan və rejissoru Şamil Mahmudbəyov olan “Şərikli çörək”dir. Filmin əsas mövzusu müharibə şəraitində insanların, xüsusilə də uşaqların yaşadığı çətinliklər, yoxsulluq və mənəvi sınaqlardır. Lakin bu çətinliklər fonunda ön plana çıxarılan əsas ideya insani dəyərlərin qorunması, dostluq və paylaşmağın əhəmiyyətidir. “Çörək” burada yalnız fiziki qida deyil, həm də ümid, həyat və insanlıq simvolu kimi çıxış edir. Filmdə baş rol digər filmlərdən fərqli olaraq uşaqlardır.Ən əsası Vaqif adlı balaca oğlanın mübarizəsi ilə yaxından tanış oluruq. Buradakı baş qəhraman Vaqif olsa da, onun timsalında bütün uşaqların, hətta böyüklərin 2-ci dünya müharibəsində çəkdiyi əziyyətləri görürük. Vaqif obrazı müharibənin uşaqlar üzərində yaratdığı travmanın ümumiləşdirilmiş ifadəsidir. O, klassik qəhrəman tipindən fərqli olaraq, idealizə olunmur, əksinə, onun zəiflikləri, qorxuları və məcburi qərarları realist şəkildə təqdim olunur.
Vaqifin çörək kartını itirməsi süjetin dramatik düyün nöqtəsidir. Bu hadisə onun həyatını kökündən dəyişir və onu erkən yaşda sərt həyat şərtləri ilə üz-üzə qoyur. O, artıq uşaq olmaqdan çıxaraq, yaşamaq uğrunda mübarizə aparan fərd kimi formalaşır. Bu baxımdan, Vaqif obrazı “itirilmiş uşaqlıq” fenomeninin simvoludur.
Filmdəki digər uşaq obrazları kollektiv şəkildə təqdim olunur və onlar Vaqifin ətraf mühitini formalaşdırır. Bu obrazlar arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək əsas xətti təşkil edir. Onların çörəyi bölüşməsi sadə bir hərəkət kimi görünsə də, əslində bu, müharibənin yaratdığı qəddarlığa qarşı insani müqavimət aktıdır. Bu uşaqlar vasitəsilə müəllif göstərir ki, ən ağır şəraitdə belə mənəvi dəyərlər qorunub saxlanıla bilər.
Filmdəki yaşlı nəsil nümayəndələri isə daha çox fon xarakteri daşısa da, onların mövcudluğu dövrün sosial reallığını tamamlayır. İsmayıl baba kimi obrazlar keçmişin təcrübəsini və həyatın sərt qanunlarını təmsil edir. Bu obrazlar uşaqlardan fərqli olaraq daha realist və bəzən sərt mövqedə dayanır. Onların davranışları müharibənin insan xarakterinə necə təsir etdiyini göstərir.
Bu filmdə bu kimi faktlardan əlavə ailəsini itirən insanların yad da olsa, bir-birlərinə möhkəmcə sarılması izlədikcə çox doğma hiss etdirir. Buna misal olaraq, Qırçılıqla məşğul olan obrazın Vaqiflə olan bağı çox güclü idi. Hətta onun ölümündən xəbəri olmayan Vaqif qatarla onu ziyarətə gəlir. Tibb bacısı isə bu vəziyyətdə ölümü gizlətməli olur. Filmin musiqiləri, söhbət əsnasında yaranan dialoqları çox yayğın və məşhurdur. Bəs bu film nə üçün bu qədər sevilir? Çünki hər birimizin ortaq yeri qan bağımız olmadan isti hiss etdirən cəmiyyətdə yaşamağımızdır. Milli dəyərlərimizin manifesti olaraq bu filmi əsas götürə bilərik desək, yanılmarıq.
Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti
Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti