Xalça, Yoxsa Tale Xəritəsi? : Qədim Bir Falın Tarixçəsi

Xalça, Yoxsa Tale Xəritəsi? : Qədim Bir Falın Tarixçəsi


Biz xalçanı toxuyuruq, yoxsa xalça bizim taleyimizi? Qədim zamanlardan bəri Azərbaycan evlərində xalça təkcə interyer üçün deyil, həm də daxili dünyamızı, arzularımızı və qorxularımızı əks etdirmək üçün var olub. Amma xalçanın,bəlkə də, ən az danışılan, sirli tərəfi onun bir "fal vasitəsi" olmasıdır.

Saçaqların Gizli Riyaziyyatı

Təsəvvür edin: Yeni toxunmuş xalça kəsilir, kəndin gənc qızları başına yığışır. Burada söhbət adi bir əl işindən getmir, sanki bir sehrli aynanın qarşısındadırlar.  Xalçanın saçaqlarını kəsib saymaq qədim bir ritualdır.
Bəs niyə məhz cüt və tək?
 Cüt say: Uğurun, tamamlanmağın və bəxtin açılmasının rəmzi sayılırdı.
 Tək say: Yarımçıqlıq, gözlənti və ya bir az da ehtiyatlı olmağın xəbərçisi idi.

Bu, adi bir xurafat deyil, insanın qeyri-müəyyən gələcəyə qarşı tapdığı bir təsəlli, rənglərlə və iplərlə qurduğu dialoqdur.

Taleyin Hörülməsi: İy və Oxun Sirri

Xalq inanclarına görə, xalça toxuyan qadın təkcə ilmə vurmur, həm də öz taleyini hörür. İyin fırlanması yer kürəsinin oxunu, iplərin bir-birinə keçməsi isə həyatın enişli-yoxuşlu yollarını simvolizə edir. Elə buna görə də xalça üzərindəki naxışlar adi bəzək deyil, hər biri bir duadır, bir tilsimdir.
Məsələn, xalça üzərindəki "əjdaha", "buta" və ya "həyat ağacı" naxışları evi bədnəzərdən qoruyan simvollar kimi qəbul edilirdi. Xalça üstündə fal açmaq isə bu tilsimin gücünə inanmaqdan doğurdu.

Niyə Bu Gün Də Maraqlıdır?

Bu gün biz hər şeyi rəqəmsallaşdırdığımız bir dövrdə yaşayırıq. Lakin xalça saçağında gələcəyini axtaran o gənc qızın həyəcanı bizə bir şeyi xatırladır: İnsan hər zaman möcüzəyə və ümidə ehtiyac duyur.
Xalça bizim üçün adi yun və rəng qarışığı deyil, həm də nənələrimizin gələcəyə pıçıldadığı arzuların toplandığı bir "yaddaş kartı"dır. Növbəti dəfə bir xalçanın saçaqlarına baxanda orada yalnız ipləri deyil, bəlkə də, yüz illər əvvəl deyilmiş bir xoşbəxtlik duasını görəcəksiniz.

Qədirli Aysu
Top