Xəyanət seçimdir?
“Uşaqlığın son gecəsi” 1969-cu ildə kinorejissor Arif Babayevin ərsəyə gətirdiyi bədii filmlərdən biridir. Lakin filmin sujeti Maqsud İbrahimbəyovun bu filmlə eyni adlı olan hekayəsinin sujetindən tamamilə fərqlənir. Filmdə iki qohumun başına gələn hadisələrdən söhbət açıldığı halda, hekayədə Pirşağıda yay tətili keçirən iki yeniyetmədən bəhs edilir. Filmə nəzər yetirdikdə Murad adlı 10-cu sinifi bitirən, ancaq universitetə daxil ola bilməyən bir gənci, digər tərəfdə isə onun qohumu, mühəndislik təhsili alan Rüstəmi görürük. Rüstəmlə Murad qərara alırlar ki, birlikdə işləməyə başlasınlar. Nəticə o yerə gətirib çıxarır ki, Rüstəm ət kombinatına prorab təyin olunur, Murad isə təhsili olmadığı üçün ancaq fəhləlik etməyə başlayır.
Rüstəm qaydalara uyğun işləməyə çalışdıqca quyusunu qazanların sayı biraz da artmağa başlayır. Filmin növbəti dəqiqələrində bizə məlum olur ki, Rüfət, Eliya və Zaur çoxdandır burda işlədiklərinə görə başda duranların oğurluqlarına kömək edərək pul qazanırlarmış. Rüstəm kombinata gəldikdən sonra isə onlar bir iş görə bilməməyə başlayıblar. Nəticədə, Rüfət bundan şikayətlənir və Rüstəmin quyusunu qazmağa çalışır. Son “zərbə” isə xəndəklər qazılmalı olan zaman baş tutur. Zaur Rüfətə — ”Mən Rüstəmə xəbər çatdırmalıyam. Xəndəklərin altında güclü gərginlik var. Qazıntını dayandırmalıdır”.—deyir. Lakin Rüfət bunu şans bilir və onu əmin edir ki, mütləq Rüstəmə xəbər verəcək. Təbii ki, Zaur gedir, amma Rüfət heç vaxt axşam növbəsində olan Rüstəmə xəbər vermir. Zaur Eliya ilə görüşəndə olanları ona danışır, Eliya isə məsələni başa düşür və kimi özünü Rüstəmə çatdırır. Ən acınacaqlısı isə xəndəyi qazmağa cəmi bir nəfərin — Muradın qalmasıdır.

Xoşbəxtlikdən, Rüstəm vaxtında çatır və heç bir bədbəxt hal baş vermir . Filmdə diqqətli olmalı olduğumuz məsələ kombinatda yeyinti olmasıdır.
Murad təsadüfən ətləri oğurlayıb, onlardan pul qazanan Rüfət və yoldaşlarının planlarını öyrənir . Bunu başa düşən Rüfət dəfələrlə Muradı kənara çəkib, ona iş təklif etsə də Murad öz mənliyini hər zaman üstün tutur. Bu sirri heç kəsə deməmək Murad üçün mənəvi yükə çevrilir. Rüstəm isə heç nədən xəbəri olmadan Eliya ilə eşq yaşayır. İkisi də bir-birini çox sevdiyi halda yalan ucbatından əsla birlikdə ola bilmirlər. Rüfət Rüstəmin işdən əlini üzmədiyini görüb, Eliyadan xahiş edir ki, Rüstəmin cibindən kombinatın açarlarını götürsün. Eliya dəfələrlə bu işə Rüstəmi qatmamasını istəsə də, sonda təhditlərə boyun əyməyə məcbur qalır. Rüfətin dediyi kimi də olur. Murad Eliyanın etdiyi hərəkətdən xəbər tutduqda dayana bilmir və olanları qardaşına deyir.
Beləliklə, Rüstəm hamısını iş üstündə tutur və cəzalandırır. Filmdən bu nəticəyə gəlmək olar ki, dürüstlük və sədaqət aşiq olduğun insana da, işinə qarşı da eyni dərəcədə olmalıdır. Balans pozulduqda həyatın da bu balansla birlikdə məhv olur.

Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti
Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti