Güclü Təməl və Dinamik Gələcək: Bakı və Kiyev Arasında Strategiya Körpüsü

Güclü Təməl və Dinamik Gələcək: Bakı və Kiyev Arasında Strategiya Körpüsü


Həyatda hər şeyin bir təməli olduğu kimi dövlətlər arasındakı münasibətlərin də möhkəmliyi onun qurulduğu bünövrədən asılıdır. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə səfəri və Prezident İlham Əliyevin mətbuata bəyanatı bir daha göstərdi ki, Azərbaycan və Ukrayna arasındakı əlaqələr təkcə diplomatik protokol deyil, həm də dərin strateji və siyasi təməllərə söykənən bir dostluqdur.

Münasibətlərin Dinamikası: 7 Görüşün Hikməti

Bilirik ki,bir sistemin işlək olması üçün onun tərkib hissələri arasında daimi və sürətli əlaqə olmalıdır. Bakı və Kiyev arasındakı siyasi dialoq da məhz bu dinamika ilə seçilir. Son dörd il ərzində dövlət başçıları səviyyəsində yeddi görüşün keçirilməsi (sonuncusu cəmi iki ay əvvəl Münxen Təhlükəsizlik Konfransında olmuşdur) sıradan bir statistika deyil. Bu, iki ölkə arasındakı etimadın və müntəzəm xarakter daşıyan münasibətlərin əla göstəricisidir. Filvaqe, bu qədər sıx təmas tərəfdaşlığın nə qədər canlı və aktual olduğundan xəbər verir.

Siyasi Təməl və İqtisadi Dayaqlar

Hər bir böyük layihə güclü bir hesabat və təməl üzərində ucalır. Azərbaycan-Ukrayna əməkdaşlığının da çox güclü siyasi təməli vardır. Bu təməl ölkələrin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə olan hörməti ilə daha da möhkəmlənir.
İqtisadi sahədə isə SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti bu münasibətlərin "enerji sütunudur". Uzun illərdir ki, SOCAR orada adi bir şirkət kimi deyil, etibarlı bir tərəfdaş kimi fəaliyyət göstərir və bu bizim iqtisadi diplomatiyamızın parlaq bir nümunəsidir.

Perspektivlər: Hərbi-Texniki Əməkdaşlıq

Bu səfər çərçivəsində müzakirə olunan hərbi-texniki əməkdaşlıq məsələləri isə gələcəyə baxışın bir parçasıdır. Bu sahədə aparılan fikir mübadiləsi və qarşıda duran böyük perspektivlər göstərir ki, tərəflər təhlükəsizlik və müasir texnologiyalar sahəsində bir-birini tamamlayan addımlar atmaqda qərarlıdırlar.
Binaən-əleyh, Azərbaycanın apardığı balanslı və uzaqgörən xarici siyasət, regionda və dünyada yeni əməkdaşlıq körpüləri qurmağa davam edir. Bakıda baş tutan bu son görüş həm də onu sübut etdi ki, həqiqi tərəfdaşlıq sınaqlardan keçərək daha da güclənir.
Biz gənclər üçün isə bu dinamik əlaqələr daha stabil, daha inkişaf etmiş və daha təhlükəsiz bir gələcəyin zəmanətidir. Zira, möhkəm təməli olan binanı heç bir fırtına sarsıda bilməz.

Qədirli Aysu
Top