"21:15 Qatarı"na Bilet: ​ Beton Qutucuqlardan Taxta Qutucuğa Gedən Yolun Yolçuları


Bəzən bir teatr səhnəsi insanın bütün həyatını sığışdırdığı o dar çərçivələri dağıtmaq üçün ən kəskin vasitəyə çevrilir. Ötən gün YUĞ Dövlət Teatrında izlədiyimiz "21:15 Qatarı" tamaşası məhz belə bir təsir bağışladı. Dramaturq Toyğun Orbayın (hansı ki, onun əsas peşəsi beyin cərrahlığıdır) qələmə aldığı bu əsər rejissor Mikayıl Mikayılovun yozumunda bizə bir həqiqəti pıçıldayır: Biz haraya gedirik?
Qutuların İçində Boğulan İnsanlıq

Tamaşanın mərkəzində dayanan o sarsıdıcı metafor, bəlkə də, müasir dövrün ən dəqiq diaqnozudur: Biz beton qutucuqlardan (evlərimizdən) çıxırıq, metal qutucuqlara (maşınlara, avtobuslara) minib, başqa bir beton qutucuqlara (işə, dərsə) tələsirik. Bu qaçdı-qovdu isə yalnız o sonuncu, kiçik taxta qutucuqla — qəbrimizlə sonlanır. Filvaqe, əgər mənzil başı o taxta qutudursa, bu dünya mülkü üçün çəkilən bu qədər "ev" və "rahatlıq" davasının nə əhəmiyyəti qalır? Zira, o qutunun içində nə beton divarlar var, nə də metal parıltısı.

 Nüfuz Yarışı

Səhnədə Zümrüd Qasımova, Elgün Həmidov və Vüqar Hacıyev tərəfindən canlandırılan obrazlar vasitəsilə biz özümüzü görürük. Vağzal məmurunun boş perronda çaldığı o qulaqbatırıcı fit səsi, əslində, bizim mənliyimizin hayqırışıdır. İnsanlar heç kimə maraqlı olmadıqları, bircə qatarın belə gəlmədiyi o köhnə vağzallarda (həyatlarında) belə öz hökmranlıq hisslərini tərk edə bilmirlər. Özümüzü hiss etdirmək, "mən buradayam" demək üçün əlimizdən gələni, hətta nümayişkaranə göstərişi belə əsirgəmirik. Amma unuduruq ki, o fitin səsi yalnız bu dünyadakı boş vağzallarda əks-səda verir.

21:15: Axirətə Yük Daşınmır

Tamaşanın adı olan "21:15" adi bir zaman kəsiyi deyil, zamanın üfüqi şəkildə iki yerə bölündüyü o kritik andır. Bu saatın çatması "ölüm qatarının" perrona yaxınlaşması deməkdir. Və pyesin ən kəskin xəbərdarlığı budur: "21:15 qatarına yük götürmürlər." Biz bu dünyadan gedəndə özümüzlə nə rütbə, nə ad-san, nə də yığdığımız var-dövləti apara bilərik. O qatara yalnız ruhumuzun səmimiyyəti və etdiyimiz əməllər sığır. Binaən-əleyh, öz-özünə tor hörən və o torun içində yanıb-yaxılan ipəkqurdu kimi olmaqdansa, o toru qırıb, ruhun azadlığına — mənəvi islahata can atmalıyıq.
Nəticə olaraq, quruluşçu rəssam Mustafa Mustafayev  və rejissor assistenti Günel Səfərovanın vizual həlləri ilə zənginləşən bu tamaşa bizə deyir ki, dünya dərk edə biləcəyimiz qədərdir. Əgər qəlbiniz o metal və beton qutucuqlardan yorulubsa, 21:15 qatarına bilet alın. Amma unutmayın, bu qatarda sizin yeganə "yükünüz" özünüz olacaqsınız.

Qədirli Aysu
Top