Milli Kitabxanada Azərbaycan Ədəbiyyatının Sərvəti Seyran Səxavətin 80 İlliyinə Həsr Olunmuş Tədbir Keçirilib
EmpaTV məlumat verir ki, 28 aprel tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının sərvəti Seyran Səxavətin 80 illik yubileyi ilə əlaqədar kitab sərgisinin təqdimatı keçirilib.
Tədbirin başlanğıcında yubilyarı və iştirakçıları salamlayan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Seyran Səxavət yaradıcılığı haqqında ətraflı məlumat verərək, onun əsərlərinin oxucu auditoryasını geniş və müxtəlif yaş kateqoryalarını əhatə etdiyini vurğulayıb.

Seyran Səxavətin bədii publisistika və bədii tərcümə sahəsində əvəzolunmaz xidmətlərinin, eləcə də müəllifi olduğu şeirlərinin oxucularının yaddaşında dərin izlər buraxdığı diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən yazıçı, publisist, jurnalist, “Bizimyol.info” saytının təsisçisi Bahəddin Həzi Seyran Səxavəti Qarabağ şivəsini ədəbiyyata gətirərək, dil təfəkkürümüzün keşiyində dayanan ən layiqli ədəbiyyat nümayəndəsi adlandırıb.

“EmpaTV” Sosial-Psixoloji Medianın aparıcısı, jurnalist Pərvanə Eyvazqızı yubilyara təbrik nitqi söylədikdən sonra, Azərbaycan ədəbiyyatının nadir incilərinin müəllifi Seyran Səxavətə Azərbaycan oxucusu adından təşəkkür edib.

Sərgidə Seyran Səxavətin 1970-ci ildə dərc olunan “Adalar” adlı ilk kitabından tutmuş, 2025-ci ildə nəşr edilən “Seçilməmiş əsərlər” dördcildliyinə qədər - sıralarında onun tərcümələri, ön söz yazdığı, redaktoru olduğu bütün kitabıarı, həmçinin həyat və yaradıcılığını əks etdirən Azərbaycan və xarici dillərdə olan ədəbyyat nümunələri və dövri mətbuat materialları nümayiş olunurdu.
Tədbir zamanı iştirakçıların istəyi ilə Seyran Səxavət bir neçə sevilən şeirlərini səsləndirib.
Sonda görüş iştirakçları yubilyar ilə xatirə şəkli çəkdiriblər.
Xumar Emilqızı