Qılıncı seçən tərəf

Qılıncı seçən tərəf


Deyirlər: "Əlində yaxşı kitab olan biri heç zaman yalnız deyildir."
Bir gün əlimə Şillerin "Qaçaqlar" əsərini aldım. O an anladım ki, bu kitab insanı heç vaxt yalnız qoymaz. Çünki əsərin baş qəhrəmanı hər zaman yalnızdı.
Öncə əsərin yazılması haqqında qısa bir məlumat verim.

Alman ədəbiyyatının ən görkəmli simalarından olan Şiller əsəri Ştutqartda hərbi akademiya təhsili alarkən yazmağa başlayır. Akademiyanı bitirəndən bir il sonra — 1781-ci ildə — iyirmi iki yaşlı dramaturq ona dünya şöhrəti gətirəsi pyesi üzərində işini tamamlayır. Maraqlıdır ki, qəhrəman və xeyirxah qaçaqdan bəhs edən bu əsəri yerli naşirlər çap etməkdən boyun qaçırırlar. Elə buna görə də dramaturq öz hesabına "Qaçaqlar"ı çap edir.

Pyes ilk dəfə 1782-ci ilin 13 yanvarında Manheym şəhərində səhnəyə çıxarılır və xalq tərəfindən böyük rəğbətlə qarşılanır.
"Qaçaqlar" dramı beş pərdədən ibarətdir. Hər pərdə də özlüyündə səhnələrə bölünür.

Əsərdə cərəyan edən hadisələr isə ən az bu əsərin ərsəyə gəlməsi qədər böyük maraq yaradır oxucuda. Belə ki, Karl Moor adlı qəhrəman böyük bir qaçaq dəstəsinə başçılıq edir. Əsərdə qaçaqlar ona "Ataman" deyə xitab edirlər. Karl Moor və ya başqa adı ilə desək, Ataman qaçaq olmasına rəğmən olduqca xeyirxah, humanist və insani dəyərlərə hörmət bəsləyən obrazdır.
Hətta ikinci səhnədə "Qədim qəhrəmanlar haqqında Plutarxın yazdıqlarını oxuyanda mən bu istedadsız cızmaqaraçılar əsrinə nifrət edirəm" deyən Karl Moorun ədəbiyyata da yüksək dəyər verdiyi görülür.
Fəqət əsərdə hər cür pisliyin, paxıllığın və xəyanətkarlığın vücud bulmuş halı olan Frans Moorun oyununa gələn Ataman öz sevdiyi Amaliyadan, atası Qoca Moordan uzaq düşür.

Dramda Amaliyanın timsalında klassik dövr Avropa ədəbiyyatının ideal qadın surətini görürük. Sanki qüsursuz daxili gözəlliklə yaradılmış bu obraz ssenaristlərin yaza, rəssamların çəkə bilmədiyi bir mətanət və vüqar göstərir. Qəlbində yalnız Karla məhəbbət bəsləyən Amaliya Fransın nə qədər vədlərinə, təkliflərinə və fırıldaqlarına rəğmən, çox sevdiyi Karlına xəyanət etmir. Sevdiyinin yasını saxlayan Amaliya hər gün qəmgin şəkildə onunla keçirdiyi zamanı xatırlayır və tez bir zamanda bu dünyadan köçüb gedərək Karla əbədi olaraq qovuşmağın ümidi ilə yaşayır.

Əsərin sonlarına yaxın uşaq, qadın qatili olan Şpigelberq silahdaşlarını Karl Moora qarşı qaldırıb onu öldürmək istəyir. Fəqət plandan xəbər tutan Şveyster adlı qaçaq onu xəncərlə öldürür və xəyanətin cəzası yerindəcə verilir. Finalda isə Frans Moor özü-özünü boğaraq öldürür.

Bütün oxucuların intizarla gözlədiyi Karl Moor və Amaliya obrazları isə sonda Fransın qurduğu hiylələrdən tam hali olurlar. Amaliya Karlın sağ olduğuna çox sevinsə də, onun Qaçaqlar dəstəsinin başçısı olmasına inana bilmir. Caniliyi, qatil olmağı Karla yaraşdırmır. Hər şeyə rəğmən, ona bu işlərdən əl çəkib Karla birlikdə xoşbəxt və məsud yaşamalarını təklif edir. Hətta Karl da həyatın ona ikinci şansı verməsinə çox sevinir. Amma tezliklə acı reallığı qəbul etməli olur. Qaçaqlar onlara verilən vədi, andları öz atamanlarına xatırladırlar.

Amaliya onların bir daha qovuşmayacaqlarını anladıqda Karlın ayaqlarına düşüb onu öldürməsini istəyir, ardından qaçaqlara üz tutub onu dərhal, yerindəcə öldürməsini istəyir. Nəhayət, qaçaqlardan biri Amaliyanı nişan alanda Karl onu dayandıraraq "Dur! Həddini bil!... Moorun sevgilisi onun öz əli ilə ölməlidir" deyərək xəncəri Amaliyanın köksünə sancır. Klassik ədəbiyyatın oxunulası ən maraqlı və həyəcanverici final səhnələrindən biri olan bu hadisə Moorun öz dili ilə desək: "Bir quldur dəstəsi üçün bu mələyi fəda etmək qeyri-bərabər mübadilə idi."

Məşhur sitatda deyildiyi kimi: "Və hər kəs öldürür öz sevdiyini, kimi acı baxışla başlayar buna, kimi yalan-yaltaq sözləri ilə. Qorxaqlar sevgisi ilə öldürür, igidlər qılınc zərbəsi ilə!" Karl Moor hər zaman qılıncı seçən tərəf oldu.

Aparıcı Murad Hümbətov
Top