Bir Uşağın Qəlbindəki Qış və Baharın Gəlişi

Bir Uşağın Qəlbindəki Qış və Baharın Gəlişi


"Ögey ana" filmi bizim üçün sadəcə köhnə bir ekran əsəri deyil, əslində hər bir qəlbin ehtiyac duyduğu o "şəfqət limanı"nın hekayəsidir. Gəlin, bu filmin bizə pıçıldadığı həqiqətləri müasir dünyamızın ağrıları ilə bir araya gətirib təhlil edək.
Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olan "Ögey ana" (1958) filmi, sadəcə bir ailə dramı deyil, həm də fərdin formalaşması, uşaq psixologiyasının incəlikləri və sosial adaptasiya proseslərini təhlil edən fundamental bir bədii nümunədir. Rejissor Həbib İsmayılovun bu əsəri, xüsusilə müasir dövrdə qlobal problemə çevrilən yeniyetmə aqressiyası və məktəb zorakılığı kontekstində təhlil edildikdə, ailə daxili münasibətlərin əhəmiyyəti daha qabarıq şəkildə üzə çıxır.
İsmayıl öz daxili ağrısını nizam-intizama tabe olmamaq, dərslərdən yayınmaq və ögey anaya qarşı soyuq münasibət bəsləməklə büruzə verir.
Bu gün dünyada baş verən məktəb saldırılarının kökünə nəzər saldıqda, hücumu törədən yeniyetmələrin əksəriyyətinin vaxtilə İsmayıl kimi "görünməyən travmalar" yaşadığı məlum olur. Əgər ailə və məktəb mühiti uşağın bu daxili parçalanmasını vaxtında müəyyən edib sevgi ilə əvəz etməsə, həmin travma zamanla sosial kinə və dağıdıcı şiddətə çevrilir. "Ögey ana" filmi bu nöqtədə cəmiyyətə mühüm bir mesaj verir: Uşağın davranışındakı pozuntular onun xarakterinin deyil, qəlbindəki boşluğun təzahürüdür.
Nəcibə Məlikovanın canlandırdığı Dilarə obrazı,  İsmayılın düşmənçilik aktlarına qarşı cəza deyil, səbir və fədakarlıqla cavab verir.
Müasir təhsil sistemlərində zorakılığın qarşısını almaq üçün təkcə fiziki təhlükəsizlik tədbirləri  kifayət deyil. "Ögey ana" filmi sübut edir ki, ən güclü "zireh" uşağın özünü aid hiss etdiyi güvən mühitidir. Dilarə xanım İsmayıla "mən sənin ananam" deyə bağırmadı. O, sadəcə səssizcə uşağın tikanlarına dözdü, onun acısını öz acısı bildi. Filmin sonunda İsmayılın onu qəbul etməsi bir möcüzə deyil, sevginin qələbəsi idi.
Biz çox vaxt uşaqların sadəcə qiymətləri ilə, üst-başı ilə maraqlanırıq, amma ruhlarının hansı "çaylarda" boğulduğunu görmürük. "Ögey ana" bizə öyrədir ki, uşağın tərbiyəsi onun dərslərini oxutmaq deyil, onun qəlbinə yol tapmaqdır.
Məktəblərdə baş verən o dəhşətli hadisələr bizə bir xəbərdarlıqdır: Bir uşağı "ögey" buraxmaq, onu bütün dünyaya qarşı silahlandırmaq deməkdir. İsmayıl xoşbəxt bitən bir hekayənin qəhrəmanı oldu, çünki qarşısına Dilarə kimi bir mərhəmət abidəsi çıxdı.
Ailə təkcə eyni dam altında yaşamaq deyil, eyni ağrıya ağlaya bilməkdir. "Ögey ana" filmi bizə deyir ki, dünyanı xilas etmək istəyirsinizsə, işə bir uşağın qəlbindəki qorxunu qovmaqla başlayın. Çünki sevilən uşaq heç vaxt dünyanı incitməz. O, sadəcə özünə verilən o işığı ətrafına yayar.

Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti
Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti
Top