Regional Sülhün Memarı: Azərbaycanın Qətiyyəti və Avropanın İkili Standartları

Regional Sülhün Memarı: Azərbaycanın Qətiyyəti və Avropanın İkili Standartları


Azərbaycanın xarici siyasət strategiyası hər zaman ədalət, beynəlxalq hüquq və səmimi sülh gündəliyi üzərində qurulub. Mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bütün maneələrə rəğmən Bakı regionda sabitliyin əsas qarantı rolunu oynayır.

Regionda yaranmış yeni reallıqlar öz bəhrəsini verməkdədir. Ermənistanın “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləməsi sülh prosesinin geri dönməz xarakter almasının mühüm göstəricisidir. Filvaqe, sülhün əldə olunması faktı əsasında artıq praktiki addımlar atılır, belə ki, Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması humanitar və loqistik əməkdaşlığın real təzahürüdür. Bu, Azərbaycanın təkcə sözdə deyil, həm də əməldə sülh tərəfdarı olduğunu sübut edir.

Lakin təəssüflər olsun ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan sülh prosesində konstruktiv mövqe sərgiləmir. Biz bu təsisatların fəaliyyətində aşkar ikili standartların şahidi oluruq. Avropa Parlamenti daxildəki ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya və evsiz insanların problemləri kimi fundamental məsələləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə almağı üstün tutur. Binaən-əleyh, bu cür qərəzli yanaşma sülh prosesinə kömək etmək yerinə, regionda gərginliyi süni şəkildə artırmağa xidmət edir.

Sülh prosesinə mane olmaq və regionu yenidən qeyri-sabitlik bataqlığına çəkmək istəyən müəyyən tərəflərin bütün səylərinə baxmayaraq Azərbaycanın mövqeyi sarsılmazdır. Dövlətimiz öz sülh gündəliyinə sadiqdir və bu yolun dönməzliyi üçün hər bir mühüm addımı atmaqda qərarlıdır. Zira, güclü dövlətçilik həm daxili inkişafın, həm də beynəlxalq səviyyədə milli maraqların ləyaqətlə qorunmasının vəhdətindən doğur.

Qədirli Aysu
Top