“Rəmiş” kitabının təqdimatı keçirildi

“Rəmiş” kitabının təqdimatı keçirildi


14 may tarixində Libraff Park Akademiya Filialı məkanında yazıçı Aqil Abbas ilə görüş və onun “Rəmiş” kitabının təqdimatı keçirilib. Tədbir Qanun Nəşriyyatı tərəfindən təşkil olunub.

Tədbirin açılışını nəşriyyatın rəhbərliyindən Xatirə Əfşar edib. Daha sonra Aqil Abbas “Rəmiş” kitabının yazılma səbəblərindən danışaraq bildirib ki, əsər Rəmiş obrazını və onun azad ruhunu gələcək nəsillərə tanıtmaq məqsədi daşıyır. Yazıçı çıxışında “Rəmiş niyə əfsanə olmasın? Hər istedadlı adamın içində bir az Rəmiş var” fikrini səsləndirib. O, həmçinin Rəmişin qeyri-adi və sərbəst xarakterli insan olduğunu, eyni zamanda gitarada möhtəşəm ifalar edən musiqiçi kimi yaddaşlarda qaldığını qeyd edib.

Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə “Rəmişi ancaq Aqil Abbas yarada bilərdi” deyərək əsərin əhəmiyyətini vurğulayıb. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs isə “Aqil gitara çalsa Rəmiş, Rəmiş yazıçı olsaydı Aqil Abbas olardı” sözləri ilə diqqət çəkib.
Professor Rafiq Əliyev “Kitabın fiziki çəkisi azdır, mənəvi çəkisi çoxdur” deyərək Aqil Abbasın yaradıcılığından danışıb. Millət vəkili İlham Məmmədov “Siz sadəcə Rəmişi yox, Qarabağı yenidən yaratmısınız” fikrini səsləndirib.

Millət vəkili Fazil Mustafa Rəmişin standartdan kənar insan olduğunu bildirib. Yazıçı Seyran Səxavət isə “Aqil Abbas özü bir janrdır” deyib.
Filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Altaylı Rəmişi Spartaka bənzədib, əməkdar jurnalist Cahangir Məmmədli isə Aqil Abbasın yaradıcılığındakı cəsarətdən danışıb. Rejissor, aktyor Rza Rzayev “Dolu” filmini vurğulayaraq xatirələrini bölüşüb.
Millət vəkili Elşən Musayev isə “Gün olacaq bir kitab da sizin üçün yazılacaq, adı da ‘Aqil’ olacaq” sözlərini səsləndirib.

Tədbirin sonunda Aqil Abbas iştirakçılara təşəkkür edərək görüşü yekunlaşdırıb.

Surə Əliyeva
Top