Bir Filmə Sığan Millət Ağrısı
Azərbaycan kinematoqrafiyasının müasir tarixinə nəzər saldıqda, millətin kollektiv yaddaşını, ağrısını və dirənişini tərənnüm edən əsərlər arasında “Fəryad” (1993) filmi öz xüsusi çəkisi və səmimiyyəti ilə seçilir. Bu ekran əsəri sadəcə bir film deyil, həm də rejissor və baş rol ifaçısı Ceyhun Mirzəyevin öz canı, qanı və son nəfəsi bahasına ərsəyə gətirdiyi bir milli manifestdir.
Filmin bədii strukturunda ən maraqlı və simvolik məqam baş qəhrəmanın keçmişidir. “Ögey ana” filmindəki o balaca, qayğıkeş İsmayılın illər sonra “Fəryad”da batalyon komandiri kimi qarşımıza çıxması, əslində Azərbaycan xalqının müstəqillik və azadlıq yolunda keçdiyi təkamülün rəmzidir. Uşaqlıqdakı təmiz hisslər, böyüdükcə vətən sevgisinə və işğalçıya qarşı sonsuz nifrətə çevrilmişdi. İsmayılın cəbhəyə gedişi səhnəsində “Ögey ana”dan olan arxiv kadrlarının istifadəsi, zamanlararası körpü quraraq müharibənin amansızlığını daha qabarıq şəkildə nümayiş etdirir.
“Fəryad”ın çəkilişləri 1993-cü ilin dondurucu qışında, Qarabağ müharibəsinin ən qızğın vaxtlarında, maddi imkansızlıqlar şəraitində həyata keçirilmişdir. Filmin hər kadrı real hadisələrə və şahid ifadələrinə əsaslanır. Filmdə qarın üzərində can verən, fəryad edən insanlar aktyorlar deyil, Xocalı faciəsindən sağ çıxan və o vaxt Naftalanda məskunlaşan qaçqınlar idi. Onlar öz faciələrini kameranın qarşısında ikinci dəfə yaşayaraq, dünyaya səs salmağa çalışırdılar.
Erməni zabiti obrazını canlandıran böyük sənətkar Məlik Dadaşov isə, obrazın inandırıcılığı üçün erməni dilini öyrənmiş və bu dili mükəmməl səsləndirmişdi. Onun oyunu o qədər təsirli idi ki, filmdən sonra xalqın nifrəti ilə üzləşmiş, hətta fiziki hücumlara məruz qalmışdı.
Operator Kənan Məmmədovun xatirələrində qeyd etdiyi kimi, Ceyhun Mirzəyev İsmayıl rolunu oynamırdı, onu yaşayırdı. İşgəncə səhnələrinin real alınması üçün o, dublyordan imtina etmiş, bədəni göyərti içində qalana qədər döyülməsinə icazə vermişdi.“Fəryad” filmi sadəcə fiziki müharibəni deyil, həm də iki fərqli xislətin, yəni Azərbaycan türkünün mərhəməti ilə işğalçının amansızlığının toqquşmasını nümayiş etdirir. İsmayılın film boyu nümayiş etdirdiyi davranışlar onun həm döyüşçü, həm də insan olaraq portretini tamamlayır. Filmdə İsmayılın dostunun kiçik qızını öldürməklə öyünən ermənini cəsarətlə məhv etməsi səhnəsi, onun xarakterindəki mənəvi güzəştsizliyi ortaya qoyur. Bu, sadəcə bir ölüm deyil, günahsız bir körpənin qanının yerdə qalmaması üçün icra edilən ədalət aktıdır. İsmayıl üçün müharibənin də öz qanunları var və uşaqlara əl qaldıran hər kəs, kimliyindən asılı olmayaraq, ən ağır cəzaya layiqdir. İsmayılın xarakterini ən zirvə nöqtəyə çatdıran məqam da, elə onun erməni ailəsinin evini yandırmaq istədiyi an yaşanır. Əlində kibrit, qəlbində torpaq itkisinin, Xocalı faciəsinin sonsuz qəzəbi olduğu halda, qarşısında günahsız bir uşağı gördükdə dayanması onun vicdanının qələbəsidir. İsmayılın bu hərəkəti düşmən obrazlarda böyük şok və təəccüb yaradır. Onlar bir Azərbaycan əsgərinin bu qədər acıdan sonra necə hələ də "insan" qala bildiyini dərk etməkdə çətinlik çəkirlər.
İsmayılın hər dəfə yeni bir kəndin, yeni bir torpağın işğal xəbərini alarkən keçirdiyi sarsıntı, Ceyhun Mirzəyevin ifasında o qədər təbiidir ki, tamaşaçı o anın ağrısını öz canında hiss edir. Onun özünü saxlaya bilməməsi, əsəb partlayışları sadəcə bir əsgərin məğlubiyyəti deyil, bir vətəndaşın ürək parçalanmasıdır.
“Düşmənin evində qalmağı heç kimə arzulamıram...” – deyirdi İsmayıl. O, əlindəki o bir tək kibrit çöpünü uşağın məsum baxışları qarşısında söndürəndə bizə ən böyük dərsi verdi. Göstərdi ki, ən böyük zəfər düşmənə qalib gəlmək deyil, ona bənzəməməkdir. Ceyhun Mirzəyev öz canı bahasına bu fəryadı çəkdi ki, biz o sönən kibritin yerində doğan azadlıq günəşinə və o uca ləyaqətə sahib çıxaq. Görəsən, biz bu gün həmin o uca mənəviyyatın varisləri olmağı bacarırıqmı? Vəliyeva Şüşəxanım - Bakı Dövlət Universiteti
Qasımova Gülsüm - Sumqayıt Dövlət Universiteti