Mənəvi Sərhədlərin Toxunulmazlığı: Səmimiyyət və Bayağılıq Arasındakı İncə Cizgi

Mənəvi Sərhədlərin Toxunulmazlığı: Səmimiyyət və Bayağılıq Arasındakı İncə Cizgi


Müasir cəmiyyətin ən ciddi sosial-psixoloji problemlərindən biri fərdlərarası münasibətlərdə "mənəvi sərhəd" anlayışının düzgün dərk edilməməsidir. İnsanların bir-biri ilə ünsiyyət forması, bölüşdükləri vizual və ya şifahi kontent müəyyən bir  süzgəcdən keçməlidir. Fəqət daxili nizamı və prinsipləri olan, özünə dəyər verən şəxsiyyətlər bu sərhədləri qorumaq istədikdə, çox vaxt kütlənin anlaşılmazlığı ilə qarşılaşırlar. Halbuki şəxsi sərhədlərə hörmət sivil bir cəmiyyətin ən birinci şərtidir.

Kütlə Psixologiyası

Bayağılığın və subyektiv olaraq xoşagəlməz hesab edilən elementlərin yumor adı altında universallaşdırılması cəmiyyəti mənəvi aşınmaya aparan yoldur. Bir hadisəyə və ya videoya çoxluğun gülməsi o kontentin keyfiyyətli və hamı üçün keçərli olması mənasına gəlmir. Bir fərd qarşı tərəfə "Bu tərz mənə xitab etmir." dediyi anda bu müraciətin qarşılığı aqressiya və ya "özünü müdafiə" instinkti olmamalıdır. Binaən-əleyh, qarşı tərəfin bu mədəni xəbərdarlığı birbaşa şəxsi təhqir  kimi qəbul etməsi onun öz daxili paradiqmasını göstərir.

Qarşılıqlı Hörmətin Assimetriyası

Münasibətlərin sağlam təməllər üzərində qurulması birtərəfli mexanizm deyil. Əgər bir insan ətrafındakıların mənəvi hüdudlarına həssaslıqla yanaşır, onların qırmızı xətlərini keçmirsə, eyni münasibəti  tələb etmək onun ən təbii haqqıdır. Bu qarşılıqlılığın pozulması cəmiyyətdə fərdləri təklənməyə və özünə qapanmağa vadar edir. Sərhədlərin qatı olması insanın xasiyyətinin qüsuru deyil, əksinə, xarakterinin bütövlüyüdür. Filvaqe, tarixin hər dövründə öz çəkisi və sanbalı ilə seçilən insanlar cəmiyyətin axınına kor-koranə uymayan, öz prinsiplərini hər şeydən uca tutan şəxsiyyətlər olmuşdur.

İnsanlar arasındakı o mənəvi pərdə dostluğun və ya yoldaşlığın qarşısındakı maneə deyil, əksinə, o münasibətin uzunömürlü və keyfiyyətli olmasını təmin edən ən böyük zəmanətdir. Sərhədlərini bəyan edən birinə "hamı kimi ol" təzyiqi göstərmək, fərdi eyniləşdirməyə çalışmaq heç də düzgün deyil.
Zira, həqiqi mədəniyyət qarşındakı insanın sənə bənzəməyən tərəflərinə, özü üçün qoyduğu qaydalara və  daxili dünyasına  hörmət edə bilmək bacarığıdır. Biz başqalarının sərhədlərini çeynəyərək deyil, o sərhədlərin varlığına ehtiram göstərərək insanlaşırıq.

Qədirli Aysu
Top