Vizual Estetika və Mənəvi Aşınma: Sözün Zərifliyini İtirən Cəmiyyət

Vizual Estetika və Mənəvi Aşınma: Sözün Zərifliyini İtirən Cəmiyyət


Müasir cəmiyyətdə fərdin xarici görünüşü, baxımı və geyim mədəniyyəti ilk baxışda yüksək bir estetik zövqün təzahürü kimi qəbul edilə bilər. İnsanın özünü vizual olaraq ləyaqətlə təqdim etməsi təqdirəlayiq bir hal olsa da, bu xarici qabığın daxilində daşınan mənəvi mahiyyət və intellektual səviyyə həlledici faktordur. Təəssüflər olsun ki, bu gün küçələrimizdə şahidi olduğumuz bəzi mənzərələr vizual olaraq göz qamaşdıran obrazların daxilində mənəvi və dil mədəniyyətinin necə böyük bir sarsıntı keçirdiyini ortaya qoyur.

Qadın Zərifliyi və Dilin Vulqarlaşması Ziddiyyəti

Azərbaycan xanımı tarix boyu təkcə xarici görkəmi ilə deyil, hər şeydən əvvəl öz kübarlığı, ağır oturub batman gəlməsi və nitqinin zərifliyi ilə seçilmişdir. Bir qadının müəyyən səbəblərdən özünü zərərli vərdişlərlə cəzalandırması onun fərdi seçimi və ya daxili böhranı kimi qiymətləndirilə bilsə də, cəmiyyət içində vulqar və bayağı ifadələrdən istifadə etməsi birmənalı olaraq yolverilməzdir. Estetik baxımdan mükəmməl görünən birinin dilindən tökülən "küçə leksikonu" və kobud kəlimələr onun formalaşdırdığı bütün o gözəl təəssüratı bir andaca heçə endirir. Filvaqe, həqiqi gözəllik ruhun, davranışın və dilin simmetriyasından doğur,bu simmetriya pozulduqda isə geriyə sadəcə süni bir maska qalır.

Münasibətlərdə Sanbalın İtirilməsi və Kişi Ləyaqəti
Bu problemin digər və bəlkə də, ən ağrılı tərəfi qarşı tərəfdə dayanan bəyin bəzi hallarda bu cür vulqar və təhqiramiz ifadələri normal qəbul etməsi münasibətlərdəki o müqəddəs pərdənin məhv edilməsinə səssiz qalmasıdır. Azərbaycan kişisi özünə edilən hörmətsizliyə və ya dilə gətirilən bayağı iradlara qarşı sarsılmaz bir ləyaqət nümayiş etdirməlidir. Qarşılıqlı münasibətlərdə sanbalın göz ardı edilməsi, "hamı belədir" deyərək lağlağılığa göz yumulması hər iki tərəfin mənəvi deqradasiyasından xəbər verir. Bir-birinə qarşı "xiyar" və bu qəbildən olan ucuz ifadələri rəva görən gənclik gələcəkdə hansı sağlam ailə modelini və hansı mənəvi sütunları formalaşdıra bilər?


 Özümüzə Qayıdışın Vacibliyi

Biz başqalarının sərhədlərinə və dəyərlərinə hörmət edərkən, öz dilimizin, mədəniyyətimizin və milli kimliyimizin sərhədlərini də eyni qətiyyətlə qorumalıyıq. Xarici görünüşün parıltısı daxili dünyamızın kasıblığını və nitqimizin eybəcərliyini örtməyə bəs etmir.
Binaən-əleyh, cəmiyyət olaraq səmimiyyətlə bayağılığı, azadlıqla tərbiyəsizliyi bir-birindən ayırmağı bacarmalıyıq. Zira, bir millətin mədəniyyəti küçədə geyindiyi geyimlə deyil, bir-birinə xitab edərkən qoruduğu o ali ehtiramla ölçülür. Dilimizin və münasibətlərimizin ləyaqətini qorumaq hər bir Azərbaycan gəncinin mənəvi borcudur.

Qədirli Aysu
Top