Qlobal Şəhərsalmanın Bakı Manifesti: Dayanıqlı Gələcəyin Yaşıl Modeli

Qlobal Şəhərsalmanın Bakı Manifesti: Dayanıqlı Gələcəyin Yaşıl Modeli


Bakı şəhəri bəşəriyyətin gələcək inkişaf trayektoriyasını müəyyən edən növbəti möhtəşəm qlobal platformaya – BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə təşkil olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) uğurla ev sahibliyi edir. Prezident İlham Əliyevin rəsmi açılış mərasimindəki proqram xarakterli çıxışı Azərbaycanın qlobal humanitar və struktur dialoqlarına verdiyi ali önəmi növbəti dəfə nümayiş etdirdi. 182 ölkədən 45 mindən artıq iştirakçını birləşdirən bu forum COP29 konfransından sonra ölkəmizin yüksək beynəlxalq reputasiyasının bariz göstəricisidir.

Azərbaycan coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovuşduğu unikal məkandır. Bu geosiyasi xüsusiyyət paytaxt Bakının ecazkar memarlığında – qədim İçərişəhərdən futuristik infrastruktura və 15 kilometrlik dənizkənarı bulvara qədər hər bir detalda özünü göstərir. Ölkəmizdə 2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan edilməsi də bu sahədəki milli inkişaf strategiyamızın təzahürüdür. Filvaqe, rəsmi Bakı bu cür irimiqyaslı toplantıları təşkil etməklə rəqəmsal transformasiya (Big Data), ekoloji təmiz nəqliyyat və su ehtiyatlarının idarə olunması kimi yaşıl artım prinsiplərinə sadiqliyini sübut edir.
 
Dövlət başçısının çıxışının ən strateji hissəsi işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz yenidənqurma işlərinə həsr olunmuşdur. 30 illik işğal dövründə tamamilə yer üzündən silinmiş şəhər və kəndlərimiz indi tamamilə milli resurslar hesabına yenidən qurulur. UN-Habitat ilə sıx əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə keçirilmiş Milli Şəhərsalma Forumları bu qlobal sessiyanın fundamental bazasını təşkil etmişdir. Binaən-əleyh, viran qoyulmuş torpaqlarda şəhərlər təkcə bərpa olunmur, onlar "Yaşıl Enerji Zonası" statusunda, "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyaları əsasında sıfırdan ucaldılır.

"Böyük Qayıdış" proqramı çərçivəsində minlərlə soydaşımızın Ağalı, Talış, Füzuli, Laçın, Şuşa və Xankəndidə tikilmiş ən müasir mənzillərə köçürülməsi dövlətimizin ali humanist prinsiplərinin əməli sübutudur. Şəhərsalma təkcə binaların ucaldılmasından ibarət deyil,o, sosial infrastrukturun piyada məsafəsində yerləşməsini və fiziki məhdudiyyətli şəxslərin rahatlığını təmin edən vahid bir ekosistemin qurulması sənətidir. MİDA-nın sosial mənzil siyasəti və regionların balanslı inkişaf proqramları da məhz bu hədəfə xidmət edir.
Zira, Azərbaycanın postmünaqişə dövründə tətbiq etdiyi bu unikal rekonstruksiya metodologiyası müharibələrdən zərər çəkmiş digər dünya ölkələri üçün real və effektiv bir yol xəritəsidir. WUF13 platformasında qəbul ediləcək Bakı Bəyannaməsi qlobal şəhərsalma gələcəyinə əbədi bir işıq saçacaqdır.

Qədirli Aysu
Top