Kontekstdən qoparılmış informasiya problemi

Kontekstdən qoparılmış informasiya problemi


“Jurnalist etikası” deyiləndə ilk yada düşən anlayış həqiqətə, sözə vicdanla yanaşmaq və cəmiyyət qarşısında dürüst olmaqdır. Jurnalistin işi yalnız xəbəri çatdırmaq deyil, həm də sözü düzgün ölçüb-biçmək, fikri kontekstdə təqdim etmək və cəmiyyət qarşısında cavabdehlik daşımaqdır. Çünki bu gün informasiya saniyələr içində yayılır, amma onun yaratdığı təsir illərlə qala bilir. İnformasiya artıq sadəcə xəbər deyil — ictimai rəyə təsir edən gücdür. Güc isə məsuliyyət tələb edir. El məsəlində də deyildiyi kimi: “Oha var dağa qaldırar, oha var dağdan endirər”, – burdakı “oha” ifadəsi isə Söz deməkdir.
Gündəmi zəbt edən iki fərqli məsələdə də məhz sözün deyiliş tərzi və jurnalist etikası ciddi müzakirə mövzusuna çevrilib. Biri deputat Günay Ağamalının “uşaqpulu” ilə bağlı dediyi sözlər, digəri isə yazıçı və akademik Kamal Abdullanın qadınlar haqqında səsləndirdiyi fikirlərin mediada təqdim olunma forması.
Günay Ağamalının “uşaqpulu” məsələsində dediyi fikirləri, cəmiyyətdə haqlı narazılıq yaradan çıxışı canlı yayımda səsləndi. Yəni burada hər hansı bir montajdan, “fikrim təhrif olunub”, “cümlə kontekstdən çıxarılıb” kimi arqumentlərdən söhbət gedə bilməz.
Deputatın nitqində sosial həssaslıq tələb edən mövzuda istifadə olunan ton və yanaşma insanlarda sanki onların problemlərinin kiçildilməsi və xalqın tələbinə bir qədər yuxarıdan baxılması təəssüratı yaratdı. Bu gün Azərbaycanda bəzi ailələr müəyyən iqtisadi çətinliklər içində yaşayır, valideynlər uşağın təhsilindən tutmuş gündəlik qidasına qədər ağır yük daşıyır. Belə bir məqamda ictimai fiqurun daha empatik, daha sosial məsuliyyətli danışması gözləniləndir. Çünki vəzifə yalnız danışmaq yox, həm də cəmiyyətin ağrısını hiss etməkdir.
Bəzən bəzi çıxışlarda xalqın sosial probleminə statistik rəqəm kimi baxılır. Halbuki “toxun acdan nə xəbəri?” deyimi təsadüfən yaranmayıb. İnsanların sosial tələblərini populizm kimi yox, real həyatın diktə etdiyi ehtiyac kimi qəbul etmək lazımdır. Xüsusilə də bunu deyən şəxs ictimai mandat daşıyırsa.
Amma digər məsələ — Kamal Abdullanın “...qadınları evə, mətbəxə yönəltməliyik...” kimi yayılan fikirləri — tamam başqa tərəfi ortaya çıxardı: kontekstdən qoparılmış informasiya problemi.
Bu gün reytinq uğrunda yarışan medianın ən böyük itkisi etimaddır. Jurnalistika emosiyanı qızışdırmaq yox, həqiqəti aydınlaşdırmaq sənətidir. İctimai şəxsin fikrini tənqid etmək olar, amma onu dəyişdirərək təqdim etmək peşəkarlıq deyil. Necə ki, sosial həssas mövzuda xalqa yuxarıdan baxmaq qəbulolunmazdırsa, eyni şəkildə bir insanın dediyini montajla başqa istiqamətə çəkmək də etik deyil.
Biz jurnalistlər reportajın, müsahibənin, montajın “mətbəxini” bilirik. Bilirik ki, bəzən bir cümlənin vurğusu, seçilən başlıq və ya sosial şəbəkədə paylaşım üslubu fikrin mahiyyətini tamamilə dəyişdirir. Montaj prosesində cümlənin necə başqa mənaya salına bildiyini də görürük. Bəzən uzun bir fikrin içindən cəmi bir neçə saniyə götürülür, əvvəlki və sonrakı izahlar çıxarılır, nəticədə isə tamam fərqli məna yaranır. Video reportajda sözlər arası pauzanın da manipulyasiya vasitəsinə çevrildiyindən peşəkar media adamları xəbərdardır.
Kamal Abdullanın fikirlərinə tam kontekst daxilində baxanda onun mövzunu daha çox ailə modeli və cəmiyyətin dəyişən dəyərləri üzərindən izah etməyə çalışdığı görünür. Amma sosial şəbəkə dövründə ən təhlükəli məqam da budur: tam fikir yox, başlıq oxunur; məna yox, sensasiya paylaşılır. “Od olmayan yerdən tüstü çıxmaz” məsəlini tez-tez işlətsək də, bəzən o gözçıxaran saxta tüstünü məhz informasiya vasitələri yaradır.
Halbuki video reportajın ümumi atmosferinə baxdıqda görünür ki, o, mövzuya müəyyən qədər yarızarafat, ironik tonda olsa da ənənəvi ailə modeli kontekstində yanaşıb. Burada fikrin təqdimat forması ilə onun qəbul olunması arasında ciddi fərq yaranır.
K.Abdulla özü də vurğulayır ki, “xüsusi istedadlı qadınlar müxtəlif sahələrdə özünü göstərə bilər.” Nümunə kimi Akademik, oftomoloq Zərifə Əliyevanı, Şərqşünas alim Aida İmamquliyevanı, Fizika sahəsində tanınmış alim Elmira Süleymanovanı, gənc alim Sona Quliyevanı və bu siyahıda adı çəkilməyən yüzlərlə Azərbaycan xanımını misal çəkmək olar. Yazıçı-şair, publisist Seyran Səxavət demişkən: ” Biliyin, savadın, səviyyənin cinsi olmur. Heç eşitmisinizmi kişi səviyyəsi, qadın səviyyəsi deyilsin. Elə qadınlar var ki, yüz kişiyə bərabərdir – ağlı ilə, savadı ilə, məntiqi ilə, dünyagörüşü ilə.”
Reportajın başqa bir hissədə K. Abulla deyir: “Ailənin bölgüsü var, ailədə kişi və qadın öz missiyalarını doğru-dürüst yerinə yetirərlərsə, həm cəmiyyətə xeyirli olarlar, həm də gözəl övladlar yetişdirərlər.”
Burada razılaşmaq və ya razılaşmamaq ayrı məsələdir. Amma jurnalist baxımından əsas məsələ fikrin necə təqdim olunmasıdır. Çünki müsahibədəki ümumi tonla sosial şəbəkədə yayılan başlıq arasında fərq var idi. O, qadının yalnız mətbəxdə olmasını müdafiə edən radikal çıxışdan çox, ailə institutunun ənənəvi bölgüsünü müdafiə etməyə çalışırdı. Hətta “xüsusi istedad sahibi olan xanımlarımızın da mətbəxdə yerini hər zaman xüsusi qabardırıq” deyərək ailə dəyərlərini ön plana çəkirdi. Məsələyə bu müstəvidən yanaşsaq, akademikin özünün də dediyi kimi onun yeganə səhvi müsahibəni oxuyanların heç də hamısının arif olmadığını hesablamamasıdır.
Azərbaycan qadını – ailənin nəfəsi, cəmiyyətin həm şüuru, həm də ürəyidir. Ana kimi nəslin yetişdiricisi, bacı kimi vəfalı sirdaş, qız övladı kimi valideyn ömrünün işığıdır. Güclü ailə modeli qadının cəmiyyətdən təcrid olunması ilə deyil, onun seçimlərinə, əməyinə və şəxsiyyətinə hörmətlə qurulur. Çünki sağlam cəmiyyət həm ailə dəyərlərini qoruyan, həm də qadının potensialını qəbul edən düşüncə üzərində formalaşır. Azərbaycan qadını bu gün də həm evinin işığını yandıran ana, həm cəmiyyətinə dəyər qatan ziyalı, həm də gələcəyin formalaşmasında mühüm rol oynayan şəxsiyyətdir.
Amma hər şeydən əvvəl qadındır. Və biz bunu qəbul etsək də etməsək də Allahın bizə həvalə elədiyi yuxarıda sadaladığım və sadalamadığım missiyaların içində Özünün yaradıcı qüdrətini verdiyi Ana olmaq xüsusiyyətimiz də var ki, bunun nə qədər İlahi bir qüvvə, nə qədər mühüm bir vəzifə olduğunu təəssüf ki, çox gec başa düşür, ya da heç anlamadan bu dünyanı tərk edirik.
Əməkdar jurnalist Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabındakı esselərinin birində belə bir cümlə var: ”Podiumda şarmı ilə göz qamaşdıran fotomodellər də çox zaman formanı itirmək qorxusundan... ana olmağı bacarmadı. Səhnədə qüsursuz görünən qadın ailədə uğursuz da olurmuş! Əlbəttə, hamıda belə deyil!” – Bu fikri oxuyanda qeyri ixtiyari yadıma dövrümüzün aparıcı ictimai-siyasi xadimlərindən biri, sevilən və seçilən xanım mərhum Qənirə Paşayevanın “Ana” şeirindən misralar düşdü və ümumən fikrimi də elə bu bəndlərlə bitirmək istəyirəm. Zatən mətni oxuyan hər kəs elə öz arşınının ölçüsündə nəticə çıxaracaq.
“...Daha o qız deyiləm,
Ağrı və göz yaşlarıyla
Böyüyən qadınam...
Yadındamı, ana,
Kəbə yolu gedirdik,
Sən sakitcə dua eləyirdin.
Birdən səndən
Kimə dua elədiyini soruşdum.
“Ana olanda anlarsan” – dedin.
Mən ana olmadım, ana...

Amma səni az da olsa, anlaya bilirəm...
Arxadan vuran dostları,
Qəlbimi verdiyim sevgilinin
Ögey baxışlarını görəndə,
Anladım, ana,
Sən söykənə biləcəyim
Tək varlıqsan...
Sevincimi bölüşdüm səninlə,
Amma üzülməyəsən deyə
Kədərimi bölüşmədim, ana...”                                  


Pərvanə Eyvazqızı
Top