Samur-Abşeron kanalı - faciələrin ünvanı

Samur-Abşeron kanalı - faciələrin ünvanı


Siyəzəndən keçən Samur-Abşeron kanalı artıq insanların yaddaşında su kanalı kimi yox, faciələrin ünvanı kimi qalıb. Hər il eyni ağrı təkrarlanır — bir nəfər boğulur, bir ailənin ocağı sönür, bir ananın göz yaşları başlayır. Amma dəyişən heç nə olmur.

Bu qədər ölümə baxmayaraq, kanalın ətrafında hələ də ciddi təhlükəsizlik tədbirləri görünmür. Nə yetərli qoruyucu hasarlar var, nə nəzarət, nə də insanların həyatını qorumağa yönəlmiş real addımlar. Sanki insan həyatı təhlükədən daha ucuzdur.

Siyəzən sakinləri artıq qorxu içində yaşayır. Valideynlər övladlarını kanalın yaxınlığına buraxmağa çəkinirlər. Çünki bu kanal illərdir yeni faciələrin səbəbinə çevrilib. Bir vaxtlar insanların həyatına xidmət üçün çəkilən bu kanal indi insanların həyatını əlindən alan təhlükəli bir nöqtə kimi xatırlanır.

Ən ağrılı məqamlardan biri isə budur ki, baş verən hadisələrdən sonra qısa müddətlik narahatlıq yaransa da, zaman keçdikcə hər şey yenidən unudulur. Problemlər isə olduğu kimi qalır. Hər yeni faciə cəmiyyətə qısa müddətli təsir edir, amma yaxınını itirən ailələrin ağrısı ömür boyu davam edir.

İnsanlar bir su kanalına deyil, biganəliyə uduzur. Ən acısı isə budur ki, bu faciələrin qarşısını almaq mümkündür. Sadəcə vaxtında görülən tədbirlər və insan həyatına verilən dəyər lazımdır.

Bəlkə də bu gün yenə kimsə həmin kanalın kənarından qorxu ilə keçir. Bir ana övladının gecikən addımlarından narahat olur, bir ailə telefon zəngindən qorxur. Çünki Siyəzəndə insanlar artıq suyun səsindən yox, o sudan gələn faciə xəbərindən qorxurlar. İnsan həyatı bu qədər ucuz olmamalıdır.

İbrahimova Qızılgül
Top