Göstəriş və İllüziya Arasında: Toylarımız Kimin Üçündür?

Göstəriş və İllüziya Arasında: Toylarımız Kimin Üçündür?


Müasir cəmiyyətin ən böyük paradokslarından biri də insan xoşbəxtliyini maddi təntənənin, vizual şounun miqyası ilə ölçmək cəhdidir. Bunun ən bariz və acınacaqlı nümunəsini isə hər il minlərlə insanın daxil olduğu "toy marafonu"nda görürük. Bir-birini sevən iki gəncin həyatını birləşdirməsi kimi saf və ali bir başlanğıc, təəssüf ki, aylarla davam edən, məntiq süzgəcindən keçməyən bir al-verə və absurd göstəriş yarışına çevrilir.

Maddiləşən Duyğular: Qızıllar və Cehiz Bazarı

Sual olunur: iki insanın bir dam altında xoşbəxt yaşaması üçün mütləq şəkildə oğlan tərəfinin borc-xərc içində aldığı o ağır qızıllara, ya da qız tərəfinin illərlə yığıb gətirdiyi, çox vaxt heç qutusundan belə çıxmayacaq cehiz yığınına ehtiyac varmı? Sevginin, hörmətin və gələcək ailə təməlinin çəkisi nə vaxtdan qızılın qramı və ya mebelin markası ilə ölçülməyə başladı? Bu, adət-ənənə deyil. Bu yalnız və yalnız münasibətləri maddiləşdirən, tərəfləri bir-birinin qarşısında öhdəlik quluna çevirən süni bir paradiqmadır. Əslində, gənclərin çiyninə qoyulan bu maddi yüklər gələcək ailələrin təməlini elə ilk gündən stress və borcla sarsıdır.

500 Nəfərlik Absurdluq: Biz Kimə Nəyi Sübut Edirik?

Mərasimin pik nöqtəsi isə 500-600 nəfərlik nəhəng şadlıq saraylarıdır. Yarısını heç bəyin, yarısını gəlinin tanımadığı, gurultulu musiqi altında heç kimin bir-birini eşitmədiyi, sadəcə "borcdan çıxmaq" və ya "baxın, görün, necə toy etdik" demək üçün toplaşan kütlə... Bu qədər yersiz təntənə, israf olunan tonlarla qida, əhəmiyyətsiz xonçalar və boş-boş xərclər kimə lazımdır? Məgər bu süni şou olmadan, 10-15 nəfərlik ən doğma, ən yaxın insanlarla sakitcə, sadə bir nikah mərasimi keçirib evlənmək olmazmı? Məgər xoşbəxtliyin formulu budurmu?

Nə Dinin, Nə Də Milli İrsin Qəbul Etmədiyi "Qanunlar"

Ən maraqlısı da budur ki, bu israfçılığı hər kəs "adət-ənənə belədir" deyib icra edir. Amma dərindən baxsaq, nə bizim köklü milli mənəviyyatımızda, nə də Allahın buyurduğu dində belə bir israf, belə bir mənəm-mənəmlik və nümayişkarlıq yoxdur. Din də, sağlam məntiq də sadəliyi, bərəkəti və insanların bir-birini yükləməməsini əmr edir. Bəs onda bu qondarma qaydaları kim qüvvəyə salıb? Cavab aydındır: cəmiyyətin "camaat nə deyər" xofu və başqalarının gözündə status qazanmaq istəyən eqosu.
Həyat sadələşdikcə, insan daxilən azadlaşdıqca gözəldir. Toyların məqsədi ətrafa zənginlik nümayiş etdirmək deyil, iki insanın səmimi və sarsılmaz bir ittifaq qurması olmalıdır. Nə qədər ki, cəmiyyət olaraq bu süni qəlibləri qırıb ata bilməmişik, toylarımız gənclərin xoşbəxtlik bayramı deyil, sadəcə böyük bir vizual illüziya olaraq qalacaq.

Qədirli Aysu
Top