Haqqın səsi sərhəd tanımır

Haqqın səsi sərhəd tanımır


Kino sənəti bəzən ən mürəkkəb tarixi həqiqətləri insan xarakterlərinin dili ilə elə bir nöqtəyə çatdırır ki, tamaşaçı ekranda sadəcə bir müharibə xronikası deyil, bəşəriyyətin daxili ziddiyyətlərini izləyir. Xalq artisti Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” (“Fəryad 2”) tammetrajlı bədii filmi məhz belə bir ekran əsəridir. Rejissor 44 günlük Vətən müharibəsinin gətirdiyi tarixi Zəfəri təkcə döyüş meydanındakı uğurlarla deyil, fərqli xarakterlərin, ideologiyaların və daxili dünyaların toqquşması fonunda tragikomediya janrında təqdim edir.
Filmin süjet xəttinin mərkəzində iki erməni qardaşın – Vaçik və Xaçikin hekayəsi dayanır. Bu, əslində müasir erməni cəmiyyətinin daxili parçalanmasının və ideoloji böhranının simvoludur. Onlar eyni ailədə böyüsələr də, müharibə reallığı onların baxışları arasında keçilməz bir uçurum yaradır.
Hər şey Azərbaycan Ordusunun atdığı bir bombanın partlaması ilə başlayır. Bu partlayış Vaçik üçün sadəcə fiziki bir sarsıntı olmur, həm də onun illərdir kor-koranə inandığı faşist təbliğatından ayılmasına, mənəvi təmizlənməsinə səbəb olur. O, artıq ətrafındakı müharibə və nifrət cinayətlərinə eyni gözlə baxa bilmir.
Qardaşı Xaçiklə birlikdə Azərbaycan hərbçiləri tərəfindən əsir götürülən Vaçik, sorğu-sual zamanı hər kəsi heyrətə gətirən bir bəyanat verir. "Siz qardaşsınız?" sualına Vaçikin “Mən onu özümə qardaş bilmirəm” deməsi istintaq otağında böyük təəccüb yaradır. Bu imtinanın səbəbi soruşulduqda isə dialoq onların psixiki sağlamlıq mərkəzinə göndərilməsi ilə nəticələnir:
 — Niyə Xaçik Manukyanı özünüzə qardaş hesab etmirsiniz?
— Ona görə ki, ermənidir.
— O, ermənidir, bəs siz nəsiniz?
— Erməniyəm.
— Başa düşmədim, bəs fərq nədədir?
— O Setrakoviç işğalçıdır, mən Setrakoviç sülh tərəfdarıyam. Qarabağ Azərbaycandır!
Bir erməninin dilindən bu dərəcədə ədalətli, obyektiv və cəsarətli etirafı eşitmək həm Azərbaycan tərəfində böyük şübhə yaradır, həm də onun öz qardaşı tərəfindən düşmənçiliklə qarşılanır.
Nifrət və işğal üzərində qurulmuş bir cəmiyyətdə sülhdən və ədalətdən danışmaq "dəlilik" kimi qəbul olunur. Vaçik əslində ətrafındakı hamının kor olduğu bir mühitdə həqiqəti görən yeganə insandır. Lakin onun bu humanist baxışları qardaşı Xaçik tərəfindən bağışlanmır. Xaçik, kor millətçiliyin verdiyi qəddarlıqla öz qardaşını öldürmək üçün sui-qəsdlər təşkil edir. Vaçik isə geri addım atmır. Anasına yazdığı məktubda, etdiyi çıxışlarda “Azərbaycanlılar mənim dostumdur” deyərək öz ölkəsində "xain" elan olunmağı belə gözə alır.
Filmin ən təsirli və real dramatik xətlərindən biri də psixiki sağlamlıq mərkəzinin həkimi Urfan Məcidlinin ailəsində yaşanır. Urfanın həyat yoldaşı erməni qızıdır. Müharibə dövründə qarışıq nikahların hansı gərginliklərdən keçdiyini rejissor bu xırda, lakin dərin detal ilə tamaşaçıya ötürür.
Urfan işdən evə həyəcanla gəlib, : “—Çox təəccüblü bir hal baş verib. Mən həyatımda ilk dəfə anlayışlı erməni gördüm”— deyəndə, əslində fərqində olmadan öz ailəsindəki etnik reallığa toxunur. Həyat yoldaşının inciyərək otağa keçməsi Urfana bu acı gerçəkliyi xatırladır. Növbəti dəqiqələrdə Urfanın bu evlilikdən peşmanlığı bəlli olur. İndiyə qədər hiss olunmayan bu fərq, müharibənin gətirdiyi psixoloji gərginlik fonunda dözülməz bir yükə çevrilir.
Bu xəttin ən dramatik kulminasiya nöqtəsi isə Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə anıdır. Həmin an Urfanın həyat yoldaşının onun ayaqlarına qapanaraq hönkürtü ilə ağlaması, qadının illərdir içində gizlətdiyi ermənipərəst duyğularının, darmadağın olmuş "böyük Ermənistan" mifinin gətirdiyi çarəsizliyin hönkürtüsüdür. İllərlə eyni yastığa baş qoysalar da, müharibə reallığı insanın içindəki gizli nifrəti və tərəfkeşliyi üzə çıxarır.
Filmin finalı isə Vaçik obrazının timsalında ümumbəşəri bir simvola çevrilir. Əsirlərin dəyişdirilməsi prosesində Vaçik iki seçim qarşısında qalır: bir tərəfdə onun keçmişi, vətəni və anası, digər tərəfdə isə ona insanlıq və ədalət göstərən Azərbaycan bayrağı. O, uzun-uzun həm anasına, həm də dalğalanan üçrəngli bayrağa baxır.
Vaçik heç bir tərəfi seçmir. O, sərhədləri, millətçilik buxovlarını və müharibənin yaratdığı divarları aşaraq günəşə doğru addımlayır. Onun bu hərəkəti kapitan tərəfindən təəccüblə qarşılansa da, polkovnikin verdiyi müdrik cavab filmin nöqtəsini qoyur:
—O, günəşə doğru gedir, hansı ki işığını heç kimdən əsirgəmir.
Vaqif Mustafayev “Həyat, deyəsən, gözəldir” filmi ilə tamaşaçıya sübut edir ki, böyük zəfərlər sadəcə döyüş meydanında qazanılmır, həm də haqqın, ədalətin və ümumbəşəri humanizmin qaranlıq üzərindəki qələbəsi ilə tamamlanır.

Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti
Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti
Top