Əliyalın iradənin adı — Vasif Tağıyev

Azərbaycan tarixində elə məqamlar var ki, həmin anlarda silahdan daha güclü olan bir şey ortaya çıxır — xalqın iradəsi.
Tariximizə Qanlı Yanvar faciəsi kimi həkk olan 1990-cı il 20 yanvar günü Sovet İttifaqı qoşunları Azərbaycan torpaqlarına daxil olanda xalqın əlində müasir silah olmasa da, torpaq sevgisi, Vətən uğrunda ölümə gedəcək qeyrətli insanları vardı. O dövrdə Azərbaycan insanı tankın, tüfəngin qarşısına yalın əllə çıxırdı. Çünki xalq anlayırdı ki, Vətən yalnız sərhədlərlə deyil, onu qoruyan insanların cəsarəti ilə yaşayır.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinə edilən terror hücumu zamanı da həmin ruh yenidən ayağa qalxdı. Silahlı terrorçunun qarşısına bu dəfə Şuşa torpağının yetişdirdiyi igid oğul çıxdı. Bu əliyalın iradənin adı - Vasif Tağıyev idi.
Tarix qəribə şəkildə təkrarlanır. Zaman-zaman həmsərhəd dövlətlərin hücumlarına məruz qalmaqla sınanan azərbaycanlıları bu dəfə Cənub qonşuları nişan aldı. Düz bir qərinə sonra, yenə yanvar ayı, hədəfdə yenə də Azərbaycan, yenə terror və yenə and yerimizə çevrilərək şəhidlik zirvəsinə ucalan növbəti can. Səfirliyin təhlükəsizlik rəisi Orxan Əsgərov yerindəcə vəfat etdi. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Tağıyev Vasif və Mahir İmanov hücümun qarçısını alarkən yaralandılar.
Bu hadisə bir daha göstərdi ki, qəhrəmanlıq yalnız döyüş meydanında olmur. Bəzən bir insanın saniyələr içində verdiyi qərar onlarla həyatın xilası demək olur. Vasif Tağıyev də məhz belə bir seçim etdi. O, silahın qarşısına əliyalın iradə ilə çıxdı. Çünki onun üçün uğrunda xidmət etdiyi bayraq sadəcə parça deyildi — həmin bayraq Şuşanın qayaları qədər müqəddəs idi. Silah dəyişə bilər, zaman dəyişə bilər, amma Vətən uğrunda ayağa qalxan insanların ruhu dəyişmir.
Azərbaycan dövləti Vasif Tağıyevin göstərdiyi şücaəti yüksək qiymətləndirdi.
Azərbaycanın İrandakı Səfirliyinə edilən silahlı hücumun qarşısını alarkən göstərdiyi qəhrəmanlığa görə Vasif Natiq oğlu Tağıyev 3 Fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 1-ci Dərəcəli "Rəşadət" Ordeni ilə təltif edilmişdir. Bu mükafat sadəcə bir şəxsin təltifi deyil, əslində Azərbaycan əsgərinin, təhlükəsizlik əməkdaşının və dövlətinə sədaqətlə xidmət edən hər bir insanın mənəvi ucalığının ifadəsidir.
Bununla yanaşı, Vasif Tağıyev xidmət göstərdiyi fərqli dövrlərdə müxtəlif medal və diplomlarla təltifləndirilib. Belə insanlar millətin canlı vicdanıdır. Onlar bizə göstərir ki, qəhrəmanlıq bəzən bir anda doğulur, amma xalqın yaddaşında əbədi yaşayır.
Vətənin tək sərhəddən yox, elə həm də Səfirliklərdən başladığını Vasif Tağıyev kimi rəşadətli qəhrəmanlarımız öyrətdi bizə.
Yazdı: Pərvanə Eyvazqızı