Heydər Əliyev Sarayında Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib

Heydər Əliyev Sarayında Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib


İyunun 5-də Heydər Əliyev Sarayında Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir keçirilib.
Tədbir Prezident İlham Əliyevin Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşdırılıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək bildirib ki, Səməd Vurğunun yaradıcılıq işığı bu gün də xalqımızın müxtəlif nəsillərinin nümayəndələrini Vətəni, torpağı və ana dilini sevməyə səsləyir.
Xalq yazıçısı qeyd edib ki, məktəb illərindən Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər bilirik və poeziyamızda bu qədər geniş yayılan başqa bir şeir tapmaq çətindir.
Yazıçı vurğuladı ki, bu gün həm də şairin oğlu  Vaqif Səmədoğlunun da ad günüdür.  Vaqif Səmıdoğlu deyirmiş ki:" Səməd Vurğundan güclü də, zəif də pyes, poema və şeir yazanlar olacaq. Amma onların heç birinin Azərbaycana həsr etdiyi şeir S. Vurğunun "Azərbaycan" şeiri qədər qüdrətli, yaddaqalan və dillər əzbəri olmayacaq."
Tədbirin bədii hissəsində incəsənət ustaları "Aygün", "Vaqif" poemasından, "İnsan" pyesindən səhnələşdirilmiş tamaşalar nümayiş olunub, şairin şeirlərindən və digər poemalarından parçalar səsləndirib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Həmçinin Səməd Vurğunun həyat və yaradıcılığını əks etdirən videoxronika materialları nümayiş olunub.

Tədbirin ssenari müəllifləri Mehriban Zəki və İlqar Fəhmi, rejissoru Mehriban Zəki, məsləhətçiləri Aslan Salmansoy, Aygün Bağırlı, Vurğun Vəkilov.
Gecədə Xalq artistləri Eldost Bayram, Mehriban Zəki, Əməkdar artistlər Elşən Rüstəmov, Həcər Ağayeva, Afaq Abasova, Arzu Əliyeva, Günəş Tegin-Mehdizadə, Vüqar Hacıyev, Səmimi Fərhad, Sabirə Rüstəmli, İbrahim Çingiz, Türkay Cəfərli, İsmayıl Davudlu, Atəş Qarayev, Nadir Rüstəmli, Rəvan Qaçayev, Aşıq Samir Cəlaloğlu, pianoçu Vurğun Vəkilov və bədii qiraətçi Xəzər Süleymanlı çıxış ediblər.
Yubiley gecəsində Mustafa Mehmandarovun dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Təranə Yusifovanın rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin Xoru da çıxış edib.

Top