Aşura Gününün Fəlsəfi Portreti və Müasir Humanizm

Aşura Gününün Fəlsəfi Portreti və Müasir Humanizm


Tarix təkcə baş verib bitmiş hadisələrin xronologiyası deyil, o həm də nəsillərdən-nəsillərə ötürülən mənəvi dərslərin və sarsılmaz prinsiplərin aynasıdır. İnsanlıq yaddaşında elə hadisələr var ki, coğrafi sərhədləri və əsrləri aşaraq bəşəriyyətin ortaq vicdan səsinə çevrilir. İslam tarixinin və ümumən bəşəri ədalət mübarizəsinin ən kədərli, eyni zamanda ən rəşadətli səhifələrindən biri olan Aşura günü məhz belə bir mənəvi zirvədir. Məhərrəm ayının bu onuncu günü yalnız tarixi bir təqvimin parçası deyil, eyni zamanda haqsızlığa qarşı baş əyməyən daxili bir intizamın və humanizmin simvoludur.

Hər hansı bir fiziki prosesdə və ya mühəndislik layihəsində tarazlığın necə vacib olduğunu bilirik, fəqət cəmiyyətlərin də mənəvi tarazlığı var və bu tarazlıq ədalət üzərində qurulur. Kərbəla çölündə baş verənlər maddi güclərin deyil, mənəvi dəyərlərin qarşıdurması idi. Bir tərəfdə sayca və silahca üstün olan böyük bir ordu, digər tərəfdə isə İmam Hüseyn və onun sadiq tərəfdarlarının timsalında yalnız haqqı, dürüstlüyü və insan ləyaqətini müdafiə edən bir ovuc insan var idi.
Aşuranın bizə öyrətdiyi ən böyük həqiqət budur: fiziki olaraq məğlub görünmək mənəvi olaraq məğlub olmaq demək deyil. İmam Hüseynin nümayiş etdirdiyi sarsılmaz iradə əsrlər keçsə də, dünyadakı bütün azadlıqsevər insanların, mütəfəkkirlərin və ədiblərin ilham mənbəyinə çevrilmişdir. Bu gün Aşuraya baxanda biz təkcə bir matəm deyil, zülmə qarşı ucaldılmış obyektiv və sivil bir etiraz səsi görürük.

Tarixi Şablonlardan Gerçəkliyə

Müasir dünyada bəzən tarixi və dini günlərin əsl mahiyyəti zahiri ritualların kölgəsində qalır, unudulmuş sözlərə və mənalara çevrilir. Lakin əsl jurnalist araşdırması və obyektiv baxış bizə hadisənin görünən tərəfindən daha çox, onun altındakı fəlsəfi qatı axtarmağı diktə edir. Aşura  kor-koranə bir təəssübkeşlik günü deyil. O, insanın öz daxili dünyasına boylanması, ədalətin və haqqın tərəfində durub-durmadığını yoxlaması üçün bir mənəvi hesabat günüdür.
Kərbəla hadisəsi həm də bizə sadiqliyin və fədakarlığın ən ali nümunəsini göstərir. O ağır günlərdə göstərilən qarşılıqlı dəstək və təmənnasız sevgi bu gün cəmiyyətimizdə qoruyub saxlamalı olduğumuz ən xalis dəyərlərdir.

Matəmdən Mərhəmətə: Müasir Dünyada Humanitar Missiya

Bu gün Azərbaycanda Aşura gününün qeyd olunma forması müasir humanizm prinsipləri ilə tam şəkildə sintez olunub. İndi bu gün təkcə göz yaşları və kədərlə deyil, birbaşa insan həyatını xilas etməyə yönəlmiş nəcib addımlarla , qanvermə aksiyaları ilə xarakterizə olunur.
Tarixdə tökülən nahaq qanların xatirəsini bu gün ehtiyacı olan insanlara qan verərək, onlara həyat bəxş edərək yad etmək mərhəmətin ən ali formasıdır. Bu fədakarlıq və  Kərbəla fəlsəfəsinin müasir dövrdəki ən təmiz, ən işıqlı və obyektiv təzahürüdür. Bir insanın yarasına məlhəm olmaq, bəlkə də, o müqəddəs ruhların xatirəsinə göstərilə biləcək ən böyük ehtiramdır.

Əsrlər dəyişir, nəsillər bir-birini əvəz edir, texnologiya və elmi nailiyyətlər bəşəriyyəti sürətlə irəliyə aparır. Lakin insanın mənəvi dəyərlərə, ədalətə və mərhəmətə olan ehtiyacı heç vaxt dəyişmir. Məhərrəm ayının və Aşura gününün bizə buraxdığı mənəvi miras zamanın fövqündə duran bir həqiqətdir. Adını tarixə ləyaqətlə yazdırmış şəxsiyyətlərin yolu hər zaman ətrafına nur saçmağa və müasir dünyamızı daha humanist, daha ədalətli etməyə davam edəcəkdir.

Qədirli Aysu
Top