Döyüşmədən “cəbhədə”ola bilmək?

Döyüşmədən “cəbhədə”ola bilmək?


“Bizim Cəbiş müəllim” Azərbaycan filmində öz adını qızıl hərflərlə yazdıran şedevrlardan biridir.  1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan bu dram filmi, yazıçı Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" povesti əsasında çəkilmişdir.
Bəs onu bu qədər sevdirən nə olmuşdu? İçində səmimilik, məişət qoxusu daşıyan bu film həm ön cəbhəni, həm də arxa cəbhəni özündə birləşdirməyi bacarıb. Hadisələrin mərkəzində hər kəsin "Cəbiş müəllim" deyə çağırdığı, dürüst, təmizqəlbli və öz prinsiplərinə sadiq qalan bir fənn müəllimi dayanır. Müharibənin gətirdiyi qıtlıq, aclıq və çətin sosial şərait fonunda insanlar sağ qalmaq üçün müxtəlif yollara əl atır. Məsələn, möhtəkirlik və ya qara bazarla məşğul olurdular. Lakin millət sevgisi çox güclü olan Cəbiş müəllim, adı qeyd olunmayan həyat yoldaşının israrlarına rəğmən sabun düzəltməyi qəbul etmir. Nə üçün adı olmamasını xüsusi vurğuladımı soruşacağınızı zənn edirəm. Çünki bütün analar əvvəla öz uşaqlarını düşünür. Maqsud bəy isə orda anananın adını qeyd etməməklə demək istəyirdi ki, Azərbaycan anası tam olaraq belə bir obrazdır və onun adı əsla bir deyil. Filmdə uşaqların müharibənin gətirdiyi səfalətə və aclığa dözə bilməyib çörək istəməsi ilə bağlı ananın dediyi "Allah ikinizin də bəlasını versin – sənin də, Hitlerin də..." ifadəsi zamanla dillər əzbəri olmuşdur.
Cəmiyyətimizdə hər zaman var olan “avara” uşaq obrazına da xüsusi yer verilərək,fərqli baxış bucağı qazandırılmışdır. Məsələn, Makedon obrazı filmin ən rəngarəng və sevilən obrazlarından biridir. O, məhəllə gənclərinin rəhbəri, dırnaqarası "qoçu" və xuliqan imicinə malikdir. Müharibə dövrünün atasız, böyüksüz qalan uşaqlarının tipik nümayəndəsidir. O nə qədər nadinc olsa da, bir o qədər fədakar və ailə canlıdır. Filmdə həm də arxa cəbhədə vuruşan igidlərimizdən söhbət açılır. Neftdə işləyənlərin də bir qəhraman olduğunu nəzərimizə çatdırırlar.
Nəticə olaraq, "Bizim Cəbiş müəllim" sadəcə müharibə haqqında film deyil. Bu, mənəviyyat və insanlıq sınağı filmidir. Bəzi filmlər dəfələrlə izlənsə də mənalı mesajları çox sonradan anlayırsan. Kim bilir, bəlkə, hələ də anlamadığımız neçə mesajlar var.

Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova
Top