Tovuzda arvadını döyməkdə şübhəli bilinən şəxs tutulub
Tovuz rayonu sakini T. Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan EmpaTV-yə bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A. Bədirov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sosial şəbəkə hesabında qadının 14 il ərzində davamlı olaraq fiziki və psixoloji zorakılığa məruz qaldığı iddia olunub. Qadın bildirib ki, uşaqların səs salması, ən xırda məişət məsələləri və digər kiçik səbəblər belə həyat yoldaşının ona qarşı zorakılıq etməsi ilə nəticələnib.
Qadın uzun illər davam edən bu şiddətlərdən sonra övladlarını da götürərək sığınacağa müraciət edib.