Magistratura: Həqiqətən, karyeranı dəyişir, yoxsa vaxt itkisidir?

Magistratura: Həqiqətən, karyeranı dəyişir, yoxsa vaxt itkisidir?


Universitetin son kursuna yaxınlaşan tələbələrin əksəriyyəti eyni sualla üz-üzə qalır: "Magistraturaya hazırlaşım, yoxsa işləməyə başlayım?"
Bu sualın cavabını axtaranların sayı hər il artır. Çünki bir çox gənc düşünür ki, magistr diplomu əldə edən kimi iş tapmaq da asanlaşacaq. Bəs,həqiqətən, belədirmi?
"Magistr oxusan, işsiz qalmazsan"
Bu cümləni, yəqin ki, hər tələbə ən azı bir dəfə eşidib. Valideynlərdən, müəllimlərdən, yaxınlardan və ya sosial şəbəkələrdən.
Amma reallıq fərqlidir.
İşə qəbul zamanı işəgötürən ilk növbədə diplomun rənginə və ya təhsil pilləsinə deyil, namizədin nə bildiyinə baxır.
Məsələn, istehsalat sahəsində fəaliyyət göstərən bir müəssisə üçün laboratoriyada cihazlarla işləmək, istehsalat prosesini anlamaq və təhlükəsizlik qaydalarını bilmək bəzən magistr diplomundan daha önəmli hesab olunur.
Bazar nə istəyir?
İş elanlarına diqqət etsək, əksəriyyətində oxşar tələbləri görərik:
İş təcrübəsi;
İngilis dili biliyi;
Kompüter proqramlarından istifadə bacarığı;
Analitik düşüncə;
Komandada işləmək bacarığı.
Magistr dərəcəsi isə çox vaxt yalnız üstünlük kimi qeyd edilir, əsas şərt kimi yox.
Bu da göstərir ki, əmək bazarında diplomdan daha çox bacarıq qiymətləndirilir.

Magistratura kimlər üçün vacibdir?
Bu o demək deyil ki, magistratura əhəmiyyətsizdir. Əksinə, müəyyən istiqamətlərdə o, vacib mərhələdir.
Əgər məqsədiniz universitetdə dərs demək, elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq, doktorantura təhsili almaq və ya akademik karyera qurmaqdırsa, magistratura demək olar ki, zəruridir.
Bəzi dövlət qurumlarında və iri şirkətlərdə də vəzifə yüksəlişi üçün magistr dərəcəsi üstünlük hesab olunur.
Lakin yalnız "iş tapa bilmərəm" qorxusu ilə magistraturaya qəbul olmaq düzgün qərar sayıla bilməz.
Bəzən bir il iş təcrübəsi iki illik magistraturadan daha üstün hesab olunur.
Təsəvvür edin.
İki namizəd müsahibəyə gəlir.
Birincisi magistr təhsilini yeni bitirib, lakin praktiki təcrübəsi yoxdur.
İkincisi isə bakalavr məzunudur, amma iki il laboratoriyada və ya istehsalat sahəsində işləyib.

Əksər hallarda işəgötürən ikinci namizədi seçir. Çünki istehsalat mühitinə uyğunlaşmaq, avadanlıqları tanımaq və real problemləri həll etmək bacarığı nəzəri bilikdən fərqli üstünlükdür.

Ən vacib sual
Magistraturaya qəbul olmaq istəyirsiniz?
Əvvəlcə özünüzdən soruşun:
"Mən magistr diplomunu niyə almaq istəyirəm?"

Əgər cavab "hamı oxuyur", "işə qəbul üçün vaxt qazanım", "iş tapa bilmərəm" kimi fikirlərdirsə, qərarınızı yenidən nəzərdən keçirməyə dəyər.
Əgər cavab "elmi fəaliyyətlə məşğul olmaq istəyirəm", "konkret sahədə dərin bilik qazanmaq istəyirəm" və ya "karyeram üçün bu mərhələ zəruridir" olarsa, magistratura məqsədəuyğun seçim ola bilər.


Magistratura nə uğurun zəmanətidir, nə də vaxt itkisi.
Onun dəyəri məqsəddən asılıdır.
Diplom qapını aça bilər, amma o qapıdan içəri daxil olmaq üçün bacarıq, təcrübə və davamlı inkişaf lazımdır.
Bəlkə də, əsas sual "Magistratura oxumağa dəyərmi?" yox, "Mən karyeramı necə qurmaq istəyirəm?" olmalıdır.

Qədirli Aysu
Top