Dəvə dəlləklik eylər köhnə hamam içində

Dəvə dəlləklik eylər köhnə hamam içində


1970-ci ildə Səməd Vurğunun “ Komsomol poeması” motivləri əsasında çəkilən “Yeddi oğul istərəm” filmi Azərbaycan sovet hakimiyyətinin 50 illiyinə həsr olunmuşdur. Filmdə əks etdirilən əsas məsələ 1920-ci illərdə komsomolçular və bəylər arasında davam edən çaxnaşmalar idi. Bəxtiyar və onun yoldaşları bu yolda sovet “ideologiyasına” sadiq qalırlar. Məlumdur ki, burda əks edilən şeylərin bir çoxusu sırf Azərbaycan bəylərinin namus, kişilik və mərdlik şüarlarını zədələmək üçün idi. Gəray bəy kimi adamları xalqı incidirmiş kimi göstərir və onları bu kimi əsərlər, filmlərlə insanların gözündən salmağa çalışırdılar.  Süjet xətti görünüşdə Bəxtiyarın rəhbərlik etdiyi yeddi gənc komsomolçunun — Bəxtiyar, Cəlal, Mirpaşa, Qasım, Qəzənfər, Şahsuvar və Zalımoğlunun Peykanlı kəndinə gəlişi, Gəray bəy ideologiyasına və zülmünə qarşı apardıqları silahlı mübarizə üzərində qurulsa da, əsərin mahiyyəti bundan çox daha dərin ideoloji və mənəvi qatlara söykənir. Süjet inkişaf etdikcə mübarizə daha da amansızlaşır. Düşmənin qurduğu xain tələlər nəticəsində əvvəlcə Mirpaşa, ardından isə sevgi ilə nifrət arasında qalan Cəlal həlak olur.
Filmdə diqqəti çəkən ən mühüm məqamlardan biri cəmiyyəti buxovlayan dini cəhalətə, fanatizmə və insan hisslərindən sui-istifadə edən din xadimlərinə qarşı yönəlmiş fərqli mübarizə üsullarıdır : Mirpaşanın kəskin reaksiyası və Qasımın maarifçilik missiyası.
Mirpaşa din xadimlərinin xalqın inancından öz maraqları üçün istifadə etdiyi görür və sərt bir addım ataraq məscidin önünə it bağlayır, nəticədə isə kafir adlandırılır .  Bu səhnə insanlara illərlə aşılanan köklü inancların bir anın içində, güc və nümayişkaranə hərəkətlərlə dəyişdirilə bilməyəcəyini, belə kəskin addımların əks-reaksiya doğurduğunu göstərir.
Qasım isə tamamilə fərqli bir yol seçir. O anlayır ki, insana zorla ideologiya qəbul etdirmək olmaz. Xalqın mənəviyyatını oyandırmağın yeganə yolu ədəbiyyat və teatrdır. Fikrimcə, Qasım filmin ən nurani, ən faciəvi və bənzərsiz obrazlarından biridir. O, Silahlı komsomolçular arasında incəsənətə, teatra inanan tək adamdır. Süjet boyunca onun teatr geyimlərinə göstərdiyi qayğı tamaşaçının qəlbini kövrəldir. Hətta qızğın atışmalar zamanı belə Qasımın əsas dərdi geyimlərin cırılmaması, tozlanmamasıdır.
Gəray bəy kənddən geri çəkildikdən sonra onun tövləsində Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin səhnələşdirilməsi filmin kulminasiya nöqtələrindən biridir. Qasım illərdir xəyalını qurduğu Kefli İskəndər rolunu canlandırır. Bu, sadəcə bir teatr tamaşası deyil, cəhalət yuxusunda olan Peykanlı kəndlisini oyatmaq cəhdidir. Lakin çox keçmir ki, güllə səsləri incəsənətin səsini batırır.
Səfərin əvvəlindəki 7 nəfərlik heyətdən 5 nəfər qalsa da, Bəxtiyarın başçılıq etdiyi dəstə ümidini itirmir. Onlar kənd camaatına ələ silah almağı, öz haqqını qorumağı öyrədir və qanlarının son damlasınadək vuruşurlar. Amma bu döyüşün bədəli ağır olur. Filmin finalında Bəxtiyar xalqı Gəray bəyin zülmündən xilas etsə də, yola çıxdığı bütün dostlarını itirir. "Yeddi oğul istərəm" filmini unudulmaz edən acı həqiqət odur ki, tərəqqi, mənəvi oyanış və azadlıq heç vaxt asan qazanılmır, o, ən böyük fədakarlıqların və yarım qalmış xəyalların üzərində ucalır. Qasımın yarımçıq qalmış teatrı və Bəxtiyarın təkbaşına qaldığı o pilləkənlər Azərbaycan kinosunun yaddaşına əbədi həkk olunmuş ən böyük mənəvi haraydır.

Şüşəxanım Vəliyeva
Gülsüm Qasımova
Top