Plastik qabların altındakı rəqəmlər nə deməkdir?

Plastik qabların altındakı rəqəmlər nə deməkdir?


Hər gün fərqində olmadan minlərlə plastik əşyaya toxunuruq. Səhər aldığımız plastik qabdakı su , günortadan sonra içdiyimiz kofe stəkanı və ya soyuducuda saxladığımız qida qabları... Çox vaxt bu qabların altına vurulmuş balaca üçbucaq nişanına və onun içindəki rəqəmlərə fikir vermirik. Əksəriyyət bunu  təkrar emal işarəsi hesab edir. Əslində,  o rəqəmlər plastikin kimyəvi pasportudur və bizə birbaşa sağlamlığımızla bağlı xəbərdarlıq edir.
Bəs bu rəqəmlər, həqiqətən, nə deməkdir və hansı plastiklərdən uzaq durmalıyıq?
 Qida üçün təhlükəsiz sayılanlar
1 – PET və ya PETE (Polietilen tereftalat)
Ən çox rast gəlinən plastik növüdür. Bir dəfəlik su qabları, sərinləşdirici içkilər və duru yağ qablarında istifadə olunur.
 Təhlükəsi nədir? PET yalnız bir dəfə istifadə üçün nəzərdə tutulub. Şüşəni boşaldıqdan sonra təkrar su ilə doldurub istifadə etdikdə, materialın mikroməsamələrində bakteriyalar çoxalmağa başlayır. Həmçinin günəş şüası altında və ya maşında saxlandıqda suya ftalat kimi zərərli maddələr sızdıra bilər.
2 – HDPE (Yüksək sıxlıqlı polietilen)
Süd qabları, şampun qabları və təmizlik vasitələrinin qablaşdırılmasında istifadə edilir. Kimyəvi baxımdan olduqca sabitdir, qalındır və qida ilə reaksiyaya girmə riski çox aşağıdır. Təkrar istifadə üçün nisbətən təhlükəsiz hesab olunur.
5 – PP (Polipropilen)
Qida təhlükəsizliyi baxımından ən etibarlı plastiklərdən biridir. Qatıq qabları, uşaqlar üçün biberonlar və mikrodalğalı soba üçün nəzərdə tutulan qablar məhz bu materialdan hazırlanır. Yüksək temperatura və rütubətə qarşı davamlıdır, qidaya zərərli maddə keçirmir.
 Ehtiyatlı olunmalı və ya qadağan edilənlər
3 – PVC (Polivinilxlorid)
Plastik plyonkalar (streç), tibbi borular və bəzi oyuncaqlarda istifadə olunur. Tərkibində toksik plastikləşdiricilər (ftalatlar) olduğu üçün qida ilə birbaşa təmasda olması tövsiyə edilmir. Xüsusilə yağlı və isti qidalarla təmas etdikdə zərərli maddələr birbaşa qidaya keçir.
6 – PS (Polistirol)
Bir dəfəlik kofe stəkanlarının qapaqları, strafor (penoplast) yemək qutuları və fast food qablaşdırmasında istifadə olunur.
 Təhlükəsi nədir? Polistirol isti ilə təmas etdikdə tərkibindəki stirol maddəsini ayırmağa başlayır. Stirol isə sinir sisteminə mənfi təsir göstərən və kanserogen risk daşıyan bir kimyəvi birləşmədir. İsti kofeni və ya şorbanı bu tip qablarda qəbul etmək sağlamlıq üçün ciddi riskdir.
7 – OTHER (Digər / BFA riski)
Yuxarıdakı  kateqoriyalara daxil olmayan bütün digər plastik növünü əhatə edir. Bura polikarbonat (PC) plastiklər də daxildir. Bu qrupun ən böyük təhlükəsi tərkibində Bisfenol A (BPA) olma ehtimalıdır. BPA hormon sistemini pozan və xüsusən uşaqların inkişafına zərər verən bir maddədir.
Bəs həyatımızı necə sığortalayaq?
1. İsti içkilərdən ehtiyatlı
olun : Bir dəfəlik plastik və ya strafor stəkanlarda isti kofe/çay içməkdən qaçının. Mümkünsə, şüşə və ya paslanmaz polad termuslara üstünlük verin.
   2. Plastik su qablarını təkrar doldurmayın: 1 nömrəli (PET) su şüşələrini atın, onları günlərlə avtomobildə, günəş altında saxlamayın.
   3. Qabların altına baxın: Yemək saxlamaq üçün plastik qab alarkən altında mütləq 5 (PP) və ya 2 (HDPE) rəqəminin olmasına diqqət edin.
   4. Mikrodalğalı soba qaydası: Üzərində "Microwave safe" qeydi və ya 5 (PP) nişanı olmayan heç bir plastik qabı mikrodalğalı sobada qızdırmayın.
Plastik müasir həyatımızın ayrılmaz hissəsidir, amma onun "dilini" öyrənmək sağlamlığımızı qorumağın ən sadə yoludur.

Qədirli Aysu
Top